Azadsöz.az xəbər verir ki, Əməkdar artist Niftulla Əsgərovla Lənkəran Dövlət Dram Teatrında vida mərasimi keçirilib.
Mərhumun tabutu son dəfə vidalaşmaq üçün teatrın səhnəsinə qaldırılıb.
Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndələri, aktyorun ailə üzvləri, həmkarları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Teatrın müdiri vəzifəsini müvəqqəti icra edən İntiqam Hacılı Niftulla Əsgərovun yaradıcılıq yolundan danışıb.
Xalq artisti Qabil Quliyev mərhum aktyor haqqında danışarkən onun oynadığı rolların kiçik və ya böyüklüyünün heç bir əhəmiyyətinin olmadığını, hər bir obraza sevgi ilə yanaşdığını, onu öz dəst-xətti ilə ifa etdiyini bildirib.
Çıxış edən kollektiv üzvləri də Niftulla Əsgərovun səhnəyə çıxdığı an tərəf müqabillərinə xoş aura ötürməsindən, hər zaman pozitiv olduğundan danışıblar.
Vida mərasimindən sonra mərhum Lənkəranın Girdəni kəndinin qəbiristanlığında torpağa tapşırılıb.