Azadsöz.az xəbər verir ki, “Abzas Media” işi üzrə saxlanılan jurnalist Elnarə Qasımova məhkəməyə çıxarılıb.
“Qafqazinfo”nun məlumatına görə, təqdimatda Qasımovanın ittiham olunduğu cinayətin ağırlığı nəzərə alınaraq, həbsi tələb edilib.
Müdafiə tərəfi ittihamı qəbul etməyib.
Xətai Rayon Məhkəməsi tərəflərin fikrini öyrəndikdən sonra təqdimatı təmin edib.
Qərara əsasən, E.Qasımova haqda 2 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, E.Qasımova Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir. “Abzas Media” işi üzrə bundan əvvəl saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər Hafiz Babalı və Nərgiz Absalamova həbs ediliblər.