16 Sentyabr 2024 23:24

Növbədənkənar prezident seçkiləri yeni islahatların başlanğıcı olacaq

Dekabrın 7-də Prezident İlham Əliyev Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu mühüm hadisə Azərbaycanın siyasi tarixində yeni bir mərhələnin başlanğıcıdır. Hər şeydən öncə onu vurğulamalıyıq ki, növbədənkənar prezident seçkiləri Azərbaycan tarixində ilk dəfə olaraq ölkənin bütün ərazisini əhatə edəcək.

Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq prezident seçkiləri artıq ölkəmizin istinasız bütün ərazilərində, o cümlədən, işğaldan azad edilmiş Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda keçiriləcək bu, Azərbaycan xalqının öz prezidentinin rəhbərliyi ilə əldə etdiyi ən böyük tarixi nailiyyətdir. Bu baxımdan 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.

Beləliklə, Azərbaycan müstəqilliyini qazandıqdan sonra bütöv və suveren Azərbaycanda ilk dəfə prezident seçkiləri keçiriləcək. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.

Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib.

“Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərdə əlbəttə ki, yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək.

Prezident İlham Əliyevin verdiyi bütün qərarlar hər zaman Azərbaycan xalqının milli maraqlarına və mənafeyinə xidmət edib. Nəticə etibarı ilə ölkə başçısının bütün qərar və sərəncamları daxili siyasətdə reallaşdırılan uğurlu tədbirlərlə yanaşı, eyni zamanda ölkəmizin beynəlxalq miqyasda gücünün və nüfuzunun daha da artmasına gətirib çıxarıb. Qeyd etmək lazımdır ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin bu gün ən qüdrətli dönəmini yaşayır. Əminliklə deyə bilərik ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı imzalanmış sərəncam da prezident tərəfindən verilmiş növbəti uğurlu qərar kimi müsbət töhfələrə gətirib çıxaracaq.

Növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında ölkə başçısının sərəncamı onu deməyə əsas verir ki, yaxın gələcəkdə ölkənin siyasi həyatında daha böyük hədəflər üçün uğurlu strategiya planlaşdırılıb. Birmənalı şəkildə deyə bilərik ki, 7 fevral 2024-cü ildə keçiriləcək seçki Azərbaycanın bütün tarix boyu baş tutacaq ən qürurverici seçki kimi yadda qalacaq. Növbədənkənar prezident seçkisinin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən didərgin salınan azərbaycanlıların bir hissəsi daha müvəqqəti məskunlaşdığı bölgələrdə deyil, öz doğma torpaqlarında – Şuşada, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və azad olunmuş digər yerlərdə səs verəcəklər.

Azərbaycan xalqı əmindir ki, üç il bundan əvvəl bütün dünyaya nümayiş olunan milli birlik və həmrəylik 2024-cü ilin 7 fevralında da bütöv, müstəqil Azərbaycanın minlərlə məntəqələrində təkrarlanacaq, Azərbaycan xalqı yekdilliklə prezident İlham Əliyevi dəstəkləyəcək və Azərbaycanın işıqlı, aydın gələcəyinə səs verəcək.

Azadsöz.az