16 Sentyabr 2024 23:11

Tikinti materialları bazarındakı yanğın nəzarətə alındı -FOTO/VİDEO (YENİLƏNİB)

Azadsöz.az  xəbər  verir  ki, küləkli hava, yüksəkgərginlikli elektrik xətləri Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğının söndürülməsini çətinləşdirib.

Bu barədə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib.

Saat 05:41-də Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında FHN-ə yanğın olması barədə məlumat daxil olub. Dörd dəqiqə sonra yaxınlıqda olan yanğınsöndürmə bölməsi hadisə yerinə çataraq, yanğını yüksəkçağırışlı elan etməklə, 2 saylı çağırış elan edib. Havanın küləkli olması, həmçinin yanğın mənbəyinin yüksək gərginlikli elektrik xətlərinin altında olması yanğınsöndürənlərin həyatına təhlükə yaradıb və yanğının söndürülməsi çətinləşib.

Bildirilib ki, küləkli hava yonqarları geniş sahəyə yayıb və yanğın yerində 3 mənbə yaranıb. Hazırda bütün istiqamətlərdə yanğın sahəsi tam əhatəyə alınıb. Yanğının yayılmasının qarşısı alınıb. Yanğının sahəsi təxminən 4 000 kvadratmetrə yaxındır.

Taxta materialların ərazidən çıxarılması yüksək temperatur səbəbindən çətinlik yaradıb.

***

08:17

Azadsöz.az  xəbər  verir  ki, Bakıda inşaat materialları bazarında yanğın nəzarət altına alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

FHN tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğın nəzarət altına alınıb.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***
07:47

Azadsöz.az  xəbər  verir  ki, Bakıda taxta bazarında baş verən yağında bir nəfər həyatını itirib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı açıqlamada qeyd olunur.

“Bu gün saat 5:55-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində bir şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb”, – deyə məlumatda bildirilir.

Qeyd edilir ki, xəsarət alan yoxdur.

***
07:45

Azadsöz.az  xəbər  verir  ki, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub.

****
06:49

Azadsöz.az  xəbər  verir  ki, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

APA-nın məlumatına görə, havanın küləkli olması yanğının geniş vüsət almasına səbəb olub. Hazırda əraziyə FHN-in 10 texnikası cəlb edilib. Həmçinin qeyd olunur ki, yanğın zamanı bir nəfər xəsarət alıb.