Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirak edərək çıxış edib.
Azərbaycan dünyada sabit ölkə olaraq tanınır. Ötən əsrin sonlarında Ümummilli lider ölkəmizi bütün çətinliklərə rəğmən, Azərbaycanın müstəqilliyini qorudu, milli birliyi möhkəmləndirməklə eyni zamanda xalqımızın sərvətinə çevrilən sabitliyə, əmin-amanlığa nail oldu. Böyük strateq bununla yanaşı, respublikada əlverişli, cəlbedici investisiya mühiti yaratdı və xarici sərmayədarların diqqətini Azərbaycana yönəldə bildi.
Ulu öndərin dövlətçilik, idarəçilik prinsiplərinə sadiq qalan prezident cənab İlham Əliyev ölkə iqtisadiyyatının dayanıqlılığını, inkişafını uğurla davam etdirərək Azərbaycanı irimiqyaslı qlobal layihələr mərkəzi, Cənubi Qafqazın lider dövləti kimi tanıtdı. Ölkəmizin iqtisadi qüdrətini gündən-günə artıran dövlətimizin başçısı uğurlu fəaliyyəti ilə Azərbaycanı ən etibarlı, güvənli tərəfdaş kimi beynəlxalq iqtisadi layihələrin vacib elementinə çevirdi.
Prezident İlham Əliyevin müstəqil siyasi, iqtisadi qərarları və ən əsası, şəffaflıq amili respublikamıza rəğbəti artıraraq yeni əməkdaşlıq platformalarının yaranması ilə nəticələndi. Bu fəaliyyətlərin fonunda Azərbaycan təkcə Avropa üçün deyil, digər qitələrdəki ölkələr üçün də son dərəcə cəlbedici məkan rolunu oynadı.
Bir neçə gün əvvəl 230 MVt gücündə nəhəng Qaradağ Günəş Elektrik Stansiyasının açılışı və prezident İlham Əliyevin tədbirdə iştirakı qeyd olunanların tam sübutudur. Bu əlamətdar hadisə eyni zamanda həm iqtisadi inkişaf üçün, həm də xarici iqtisadi əlaqələrimizin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Stansiyanın açılış mərasiminin olduqca qısa müddətdə – təxminən il yarım müddətində gerçəkləşməsinin özü belə ayrıca bir nailiyyətdir.
Məlumat üçün qeyd edək ki, sözügedən stansiyanın təməlqoyma mərasimi 2022-ci il martın 15-də prezident İlham Əliyevin iştirakı ilə qoyulub və bu stansiya MDB məkanında, eləcə də Xəzər regionunda ən böyük günəş elektrik stansiyası hesab olunur. Digər önəmli məqam isə ondan ibarətdir ki, 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilən Qaradağ Günəş Elektrik Stansiyası ölkəmizdə böyük xarici investisya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Bu da o deməkdir ki, Azərbaycanda siyasi sabitliyin hökm sürməsi və əlverişli biznes mühitinin mövcudluğu ölkəmizin investisiya cəlbediciliyini daha da artırır. Stansiyanın rəsmi açılış mərasiminin uğurla baş tutması isə cənab prezidentin qeyd etdiyi kimi əlamətdar nailiyyətdir və eyni zamanda Azərbaycanın enerji şaxələndirilməsi və davamlı iqtisadi inkişafına aparan yolda mühüm bir addım oldu.
Açılış mərasimində çıxış edən dövlətimizin başçısı Azərbaycanın xarici investisiyalar üçün çox açıq ölkə olduğunu qeyd etdi və Birləşmiş Ərəb Əmirlikləri hökümətinə, Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi töhfəyə və yaşıl enerjiyə keçidlə bağlı ölkəmizə sadiqliyinə görə “Masdar” şirkətinə, onun rəhbərliyinə təşəkkür etməklə bunu tərəfdaşlığımızın və dostluğumuzun yaxşı nümunəsi kimi dəyərləndirdi və qeyd etdi ki, bu dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək və önəmli tərəfdaşlıq sayəsində daha çox layihələr reallaşacaqdır. Cənab prezident eyni zamanda vurğuladı ki, birgə əməkdaşlığın təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə də öz töhfəsini verəcəkdir.
Qaradağ Günəş Elektrik Stansiyasının açılışının reallaşması Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə ölkəmiz arasında sıx əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində həqiqətən də çox mühüm mərhələdir. Bu stansiyanın qısa müddətdə uğurlu açılışı həm BƏƏ-dən olan bir çox şirkətlərə, həm də digər xarici investorlara Azərbaycanla əməkdaşlıq üçün əlverişli platformadır. Azərbaycanı etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeləri dövlət başçımızın da qeyd etdiyi kimi bütün planlarımızın həyata keçəcəyinə zəmanət verir. Siyasi iradə və cəmiyyətdəki birlik effektiv siyasətin strateji resursu olaraq bütün hədəflərə nail olmaq üçün zəmin yaradır. Göründüyü kimi Azərbaycanın ərazi bütövlüyünü təmin edən, iqtisadi qüdrətini artıran prezident İlham Əliyev inkişafın Azərbaycan modelini dünyaya nümayiş etdirir.
Görülən bütün bu işlər inkarolunmaz reallıq kimi beynəlxalq reytinq agentlikləri tərəfindən də birmənalı şəkildə qəbul edilir ki, bu da ölkəmizin beynəlxalq arenada müsbət imicinin formalaşmasına ciddi təsir göstərir.
Azadsöz.az
Zivər Zeynalova