Azadsöz.az xəbər verir ki, Müdafiə Nazirliyi və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin birgə təşkilatçılığı ilə bir qrup şəhid ailəsinin Türkiyəyə səfəri təşkil olunub.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Səfər çərçivəsində şəhid ailələri Kayseri şəhərində qardaş ölkənin şəhid olan hərbi qulluqçularının ailələri və şəhər rəsmiləri ilə görüşüblər.
Bundan başqa, şəhidlərimizin ailə üzvləri Kayseri şəhərinin görməli yerlərində olub, tarixi abidələri, Xocalı parkını və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni, eləcə də qardaş ölkənin şəhid olan hərbi qulluqçularının məzarlarını ziyarət ediblər.
Xatırladaq ki, Türkiyəyə səfər edən bir qrup şəhid ailəsindən 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalan Qubadlı fatehi polkovnik-leytenant Vidadi Xəlilovun anası Əminə Məmmədovada iştirak edib.
Qeyd edək ki, Vidadi Xəlilov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Azərbaycan Bayrağı” medalları ilə təltif olunub.