Azadsöz.az xəbər verir ki, torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Toğrul Siyavşah oğlu Hacıyevin şəhadətə qovuşmasının üçüncü ildönümü Çayarxı kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, Azadsöz.az xəbər saytının və AzadSözAz televiziyasının kollektivi, şəhid ailələri, dindarlar, ağsaqqallar, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Anım mərasimində çıxış edənlər şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyiblər.Vurğulayıblar ki, 2020-ci il hərb tariximizdə və xalqımızın yaddaşında uzun illər Qələbə, Zəfər ili kimi xatırlanacaq. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun 27 sentyabrda başlayan Vətən müharibəsində torpaqlarımızı erməni işğalçılarından azad edərək qazandığı tarixi Qələbəni heç zaman unutmayacağıq. Çünki 44 günlük Vətən müharibəsində soydaşlarımızın 30 illik yurd, torpaq həsrətinə son qoyuldu. Qalib ölkənin vətəndaşı olaraq bu gün də Qarabağa Böyük Qayıdışın təntənəsini yaşayır, bu Qələbəyə, Zəfərə görə Ali Baş Komandana, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını torpaq üçün fəda edən qazilərimizə borclu və minnətdarıq.
Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Toğrul Siyavşah oğlu Hacıyev 1991-ci il fevralın 4-də Göyçay rayonunun Çayarxı kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.Oktyabrın 26-da Xocavənd döyüşləri zaman şəhid olub. Göyçay rayon Çayarxı kəndində dəfn olunub.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev