Azadsöz.az xəbər verir ki, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezinin cinayət işi üzrə oktyabrın 24-də növbəti məhkəmə iclası başlayıb.
Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Vaqif Xaçatryanın hüquqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Radmila Abılova müdafiə edir. Vaqif Xaçatryan məhkəmə prosesində tərcüməçi ilə təmin olunub.
Hazırda məhkəmə prosesi davam edir.
Xatırladaq ki, oktyabrın 17-də keçirilən məhkəmə prosesində isə Vaqif Xaçatryana ittiham aktı elan olunub, zərərçəkmişlər və təqsirləndirilən şəxsin özü ifadə verib.
Oktyabrın 18-də isə məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə veriblər, V.Xaçatryanın Meşəlidə və ətraf ərazilərdə öz dəstəsi ilə törətdiyi cinayətlərdən danışıblar. Zərərçəkənlər təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini tələb ediblər.