16 Sentyabr 2024 23:13

17 oktyabr – Füzuli şəhəri günüdür

Azadsöz.az xəbər verir ki, 1993-cü il avqust ayının 23-də Füzuli şəhəri və rayon ərazisinin böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Rayon sakinləri təpədən-dırnağa kimi silahlanmış işğalçı erməni ordusu ilə doğma torpaqlarının müdafiəsi uğrunda apardıqları qeyri-bərabər savaşda acı məğlubiyyətə uğradılar. Füzulinin müdafiəçiləri həmin döyüşlərdə 663 nəfər şəhid verdilər. Daha 400 nəfərədək rayon sakini əlil oldu, 181 nəfər əsir və itkin düşdü. İşğaldan əvvəl tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin olan Füzuli rayonu ərazisində həmin dövrdə iki şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. İşğal dövründə erməni vandalları xalqımıza məxsus olan tarixi-mədəni irsin bütün bu nümunələrini talan edərək dağıtdılar.

Füzuli rayonunun azad olunması Vətən müharibəsinin gedişində əldə olunmuş strateji əhəmiyyətli qələbələrdən biri idi. Füzulinin 4 kəndi İkinci Qarabağ savaşının ilk günündə işğalçılardan təmizlənmişdir. Oktyabrın 17-də isə Azərbaycan ordusu Füzuli şəhərini və daha bir neçə kəndi işğalçılardan azad etdi.Vətən müharibəsinin gedişində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad olunub. Ölkə prezidenti İlham Əliyev bu tarixi hadisəni xüsusi qiymətləndirərək 17 oktyabr gününün Azərbaycan xalqının çoxəsirlik tarixində xüsusi yer tutacağını bildirmişdir. Füzulinin azad olunması ilə Cəbrayıldan və Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçıdan təmizləndi. Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi, çünki bu şəhərin yerləşdiyi ərazi strateji əhəmiyyət daşıyırdı.

Bu gün Füzuli rayonunun azad olunmasının üçüncü il dönümünü böyük qürur hissi ilə qeyd edirik. 17 oktyabr günü Azərbaycan xalqının çoxəsirlik tarixində xüsusi yer tutur. İşğaldan azad olunmuş Füzuli rayonuna qısa zamanda qayıdış başlamış, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdışın sevincini yaşamışdır. Əlbəttə keçmiş məcburi köçkünlərin vətən həsrətinə son qoyulması Azərbaycan xalqının qəlbində sonsuz sevinc və fəxarət hissi oyadır. Xalqımız öz ata-baba yurdlarına qayıdan həmvətənlərimizlə onların sevincini bölüşərək, milli birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirir. 17 oktyabr tarixi nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır.