Azadsöz.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Qurumun mətbuat xidmətinin məlumatına görə, nəzarət tədbirləri çərçivəsində Xaçmaz rayonu, Qaraqurdlu kəndində fəaliyyət göstərən, “Marşal-Xaçmaz” MMC-yə məxsus pivə istehsalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, müəssisədə temperatur rejiminə əməl olunmadığı, anbar sahəsində saxlanılan xammal məhsullarının antisanitar şəraitdə saxlanıldığı və digər nöqsanlar müəyyən olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Müayinələrin aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilmiş nümunələrdə koliform bakteriyaları aşkarlanıb.
Qanunvericiliyin tələblərinə uyğun olaraq istehlaka yararsız məhsullar məhv edilib.