Azadsöz.az xəbər verir ki, torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ayaz Elson oğlu Əhmədovun üçüncü ildönümü Göyçay rayonunun İkinci Ərəbcəbirli kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, dindarlar, ağsaqqallar, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.
Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Anım günündə çıxış edənlər şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyiblər. Bildiriblər ki, 2020-ci ilin 27 sentyabrında başlayan, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə başa çatan Vətən müharibəsi müstəqillik və dövlətçilik tariximizin olduqca mühüm səhifələrindən biri kimi hərb tariximizə, eləcə də xalqımızın yaddaşına əbədi yazıldı. 44 günlük müharibə nəticəsində şanlı Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 ildən artıq davam edən erməni işğalına birdəfəlik son qoydu.
Hər bir Azərbaycan vətəndaşının vətəninin qəhrəmanlarını tanımalı olduğunu və onların keçdiyi həyat yolundan çox şeyləri öyrənmələrini diqqətə çatdırıblar. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək bizim mənəvi borcumuz olduğunu vurğulayıblar.
Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Ayaz Elson oğlu Əhmədov 2002-ci il martın 4-də Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində anadan olub. 2020-ci il sentyabrın 21-də Hərbi Komissarlıq tərəfindən təlimlərə çağırılıb. Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə topçu, baş atıcı və manqa komandiri vəzifələrini icra edib.Oktyabrın 6-dan, 7-nə keçən gecə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində dəfn olunub.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, Ayaz Əhmədov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev