Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev 04 oktyabr 2023-cü il tarixdə 44 günlük Vətən Müharibəsi şəhidləri Xəlilov Vidadi Vaqif oğlu, Əhmədov Zamiq Çingiz oğlu və Qafarov Kənan Siyaqif oğlunun ailə üzvləri ilə görüşüb.
Görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri və Göyçay Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri də iştirak edib.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev görüşdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, bu qələbədə payı olan qəhrəman oğullarımızla bu gün hər birimizin qürur duyduğunu bildirib.Vətən müharibəsində qazanılan şanlı qələbənin Azərbaycan tarixinin ən qürurlu səhifələrini təşkil etdiyini qeyd edən icra başçısı ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canından, qanından keçən bütün şəhidlərə rəhmət, qazilərə şəfa diləyib.
Sonra rayon rəhbəri şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onların qaldırdıqları məsələləri nəzarətdə saxlayacağını və həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev