23 Noyabr 2024 15:12

Azərbaycan G77+ Çin Sammitində təmsil olunub

Azadsöz.az xəbər verir ki, Kuba Respublikasında G77+ Çin Sammitinin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, Milli Məclisin sədri Sammit çərçivəsində “Elm, texnologiya və innovasiyanın rolu” mövzusunda keçirilən müzakirələrdə çıxış edib. Azərbaycanın G77-nin nisbətən yeni üzvü olmasına baxmayaraq, quruma verdiyi böyük əhəmiyyəti qeyd edən Sahibə Qafarova ölkəmizin bu təşkilatın işinə fəal töhfə verməyə hazır olduğunu bildirib.

Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycan üçün xüsusi əhəmiyyətindən danışarkən Parlament sədri ölkəmizin Davamlı İnkişaf üzrə 2030 Gündəliyinin həyata keçirilməsinə sadiq olduğunu qeyd edib.

O, təmiz ətraf mühit və yaşıl inkişaf konsepsiyasının 2030-cu ilə qədər yeni sosial-iqtisadi inkişaf strategiyasının beş prioritet sahəsindən biri olduğunu bildirib, Azərbaycanın Paris İqlim Sazişini ratifikasiya etməklə 2030-cu ilə qədər istixana qazlarının emissiyasının 35 faiz azaldılmasına nail olmaq üçün könüllü öhdəlik götürdüyünü diqqətə çatdırıb. O, bərpaolunan enerji üzrə bir sıra layihələrin icra edildiyini, 2030-cu ilə qədər bu enerji mənbələrinin Azərbaycanın ümumi enerji tutumunda payının 37 faizi ötəcəyi barədə məlumat verib.

Milli Məclisin sədri Azərbaycanın İqlim Dəyişikliyi üzrə Konvensiyanın Tərəflərinin 29-cu Konfransına ev sahibliyi etmək üçün öz namizədliyini irəli sürdüyünü, ölkəmizin qlobal iqlim gündəliyinin həyata keçirilməsinə töhfə verməyə və öz təcrübəsini bölüşməyə hazır olduğunu deyib.

Prezident İlham Əliyevin bu ilin martında Qoşulmama Hərəkatının sammitində Afrika və İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin pandemiyadan sonrakı bərpasına dəstək məqsədilə iki Qlobal Çağırış elan etdiyini xatırladan parlamentin sədri bu çağırışların birbaşa maliyyə dəstəyini, təhsil imkanlarının genişləndirilməsini, potensialın gücləndirilməsini və digər vasitələri nəzərdə tutduğunu diqqətə çatdırıb.

Rəsmi inkişaf yardımı Azərbaycanın beynəlxalq inkişaf gündəmini təşviq etmək, eləcə də qlobal miqyasda inkişaf çağırışlarını daha yaxşı həll etmək üçün istifadə etdiyi mexanizmlərdən biridir. Azərbaycan tərəfindən 130-dan çox ölkəyə edilən beynəlxalq yardım insan və institusional potensialın yaradılmasına, qabaqcıl təcrübə mübadiləsi yolu ilə yoxsulluğun aradan qaldırılmasına və davamlı inkişafın dəstəklənməsinə yönəlib.

Diqqətə çatdırılıb ki, bu gün sülh və təhlükəsizlik olmadan davamlı inkişafa nail olmaq mümkün deyil. Azərbaycan 2020-ci ildə öz torpaqlarını 30 illik erməni işğalından azad etdikdən sonra bu ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. İndi bu, Azərbaycanın inkişaf prioritetinin əsas istiqamətlərindən biridir. Eyni zamanda, Azərbaycanın Ermənistanla normallaşma prosesi barədə də məlumat verilib.

Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində elm, texnologiya və innovasiyanın mühüm roluna toxunan parlamentin sədri qeyd edib ki, elm, texnologiya və innovasiyanın milli inkişaf planlarına inteqrasiyası bu imkanların inkişafında geniş əməkdaşlıq vasitəsilə təşviq edilməlidir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul