Azadsöz.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu İsrail-İordaniya sərhədində maneələr quraşdırmaq planlarını açıqlayıb.
“Biz Misirlə cənub sərhədində maneələr qurduq və qeyri-qanuni mühacirlərin İsrailə daxil olmasını dayandırdıq. İndi biz İordaniya ilə şərq sərhədində maneələr yaradacaq və bu ərazidən də axının qarşısını alacağıq”, – Netanyahu bildirib.
Baş nazir həmçinin qeyd edib ki, Misirlə sərhəddə divarın tikintisi Afrikadan bir milyondan çox qeyri-qanuni miqrantın ölkəyə girişinin qarşısını alıb. Onun sözlərinə görə, əks halda bu axın İsraili “məhv edə bilərdi”.
Qeyd edək ki, İsrail 2013-cü ildə Misirlə sərhəddə Qırmızı dəniz yaxınlığındakı Eylat ətrafından Aralıq dənizi yaxınlığındakı Qəzza zolağı ilə sərhədə qədər 230 kilometrlik davamlı maneənin tikintisini tamamlayıb. Tikinti planlaşdırılan dörd il əvəzinə cəmi iki il davam edib və dəyəri 1,6 milyard şekel (420 milyon dollardan çox) olub.