Azadsöz.az xəbər verir ki, son dövlər ərzində Azərbaycanın türk dilli ölkələrlə, o cümlədən Özbəkistanla əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti nəticəsində artan templə inkişaf etməkdədir.
Ölkə başçılarının qarşılıqlı səfərləri, imzalanan sənədlər, yeni razılaşmalar bu əlaqələri daha da genişlənməsinə böyük müsbət təsirlərini göstərməkdədir. Bakı-Daşkənd strateji müttəfiqliyi bu gün yeni inkişaf mərhələsindədir.
Özbəkistan prezidenti Şavkat Mirziyoyevin bu gün və sabah Azərbaycana planlaşdırılan səfəri də əməkdaşlığın inkişafı üçün növbəti mərhələnin başlanğıcıdır.
Azərbaycan-Özbəkistan münasibətləri qədim tarixə malikdir. Azərbaycan və özbək xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər.
Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. İndiyədək iki ölkə arasında 154 sənəd imzalanıb.
Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ulu öndər Heydər Əliyev hər zaman özbək xalqına böyük sevgi ilə yanaşıb. 1970-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən Heydər Əliyevlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının əsası olub. Ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən 1996-cı ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”, eləcə də Ümummilli Liderin 1997-ci ilin iyununda Özbəkistana səfəri qarşılıqlı anlaşma, etimad və hörmətə əsaslanan gələcək münasibətlərimizin konturlarını müəyyən edib.
Azərbaycan və Özbəkistan xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub, hazırda iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Ötən il iki ölkə arasında qarşılıqlı ticarətin həcmi 181,2 milyon dollara çatıb ki, bu da 52.4 faiz artım deməkdir.
Azərbaycan və Özbəkistan arasında geniş miyqaslı əməkdaşlıq layihələrindən biri də 500 milyon dollarlıq kapitala malik birgə investisiya fondunun yaradılması barədə hökumətlərarası saziş imzalanmasıdır. Bu fondun iki ölkə arasında iqtisadi əməkdaşlığn güclənməsinə böyük töhfəsi olacaq.
Qeyd etmək lazımdır ki, iki ölkə arasında siyasi arenada da mütəffiqlik hər zaman yüksək səviyyədə olub. Özbəkistan hələ 2008-ci ilin martında BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi olub.
2021-ci ilin noyabrında İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirmişdi.