Azadsöz.az xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması istiqamətində əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayonun Qarayazı kənd sakini Mahir Məmmədov şübhəli şəxs kimi saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətyanı sahəsində tərəvəz bitkilərinin becərildiyi ərazidə M.Məmmədov tərəfindən xüsusi aqrotexniki qulluq göstərməklə yetişdirilən, ümumi çəkisi 28 kiloqrama yaxın çətənə kolları, eləcə də qurudulmuş marixuana aşkar edilib. Aşkar edilən narkotik tərkibli bitkilər kökündən çıxarılaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitənin satılmasını təmin etmək istəyən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Araşdırmalar zamanı məlum olub ki, Gəncə şəhər sakini Sərxan Nəbiyev sosial şəbəkələr üzərindən İran vətəndaşı ilə Gəncə şəhəri ərazisində gizlədilən narkotik vasitəni götürərək şəhər ərazisində və kənarda satması barədə razılaşıb. Həmin şəxs Gəncə şəhərində saxlanılaraq Baş Polis İdarəsinə gətirilən zaman əlindəki çantadan 17 bükümdə ümumi çəkisi 18 kq narkotik maddə olan heroin aşkarlanaraq götürülüb. Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.