Azadsöz.az xəbər verir ki, “Vaşinqton Post”un son zamanlar erməni tezisləri ilə işləməsi və Devid İqnatius kimi erməni ruporunun yazılarını tirajlaması ondan xəbər verir ki, bu media qurumu ancaq sifariş yerinə yetirir, kimlərinsə əlində alətdir.
Bunu Milli Məclisin deputatı Elşən Musayev deyib.
O bildirib ki, hər kəsə məlumdur ki, İqnatius erməni əsillidir, Vardanyanın yaxın dostudur.
“Ona görə də bu bədnamın mövqeyi başqa cür ola bilməzdi. Ya da belə deyək: Terrorçu, təxribatçı Vardanyanın pulu ilə qidalanan kəsin heç şübhəsiz ki, normal adam, normal yazar, ədalətli qələm əhlinin nümayəndəsi olması mümkün deyil.
Burası aydın və məlum. Yaxşı bəs görəsən “Vaşinqton Post” hansı ağılla bu murdar məxluqların əlində girinc qalıb? O niyə özünü bu qədər gülünc vəziyyətə salıb? Bu qəzetin başbilənləri və ya qeyri-rəsmi koordinatorları niyə imkan veriblər ki, 1 həftə ərzində Azərbaycan haqda büs-bütün iftira və yalandan ibarət 3 yazı dərc olsun? Bilirsinizmi niyə? Çünki dediyim kimi, sifariş yerinə yetirirlər. Çünki “Vaşinqton Post” qara qüvvələrin əlində oyuncaqdır. Çünki “Vaşinqton Post” üçün böyük pullar və paralar ədalətdən, düzgünlükdən daha əsas, daha vacib etallona çevirilib.
Məlum mənzərə “Vaşinqton Post” adına həqiqətən ayıbdır. Həm də çox ayıbdır. Demək ki, dünyanın ən məşhur, ən böyük media qurumları belə bəlli maddiyyat qarşılığında öz prinsiplərini hərraca çıxara və sata bilirlər”, – deyə deputat əlavə edib.