Azadsöz.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin qeyri-rəsmi mətbuat orqanı sayılan “Vaşinqton Post” qəzetində davamlı və sistemli olaraq, Azərbaycan əleyhinə təbliğatın aparılması bu prosesin sifariş əsasında həyata keçirldiyini təsdiqləyir.
Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, sözügedən qəzetdə 6 gün ərzində Azərbaycan əleyhinə, həm də rəsmi Bakının mövqeyinə yer ayrılmadan, birtərəfli, qərəzli, təhrif olunmuş faktlardan və subyektiv mülahizələrdən ibarət 3 məqalənin dərc olunması, həm də jurnalistikada peşə etikasının beynəlxalq prinsiplərinin kobud şəkildə pozulmasıdır.
“Son məqalələrdən birinin müəllifi, milliyyətcə erməni, 2016-cı ildə Qarabağa qanunsuz səfər edən İqnatius rus oliqarxlarının “pulyuyanı” “camaşırxana” ləqəbli Ruben Vardanyanın yaxın dostudur və hətta onun fondu tərəfindən mükafatlandırılıb. Eyni zamanda, İqnatius həm 44 günlük müharibədən əvvəl, həm də sonra Ermənistanın və Qarabağdakı separatçıların müdafiəsinə yönəlmiş məqalələr və açıqlamalar yayıb.
Hətta rəsmi İrəvan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan etdiyi halda, Devid İqnatiusun öz yazılarında “Dağlıq Qarabağ” və “mübahisəli anklav” ifadələrindən istifadə etməsi, sözügedən şəxsin radikal erməni millətçilərinin baxış bucağına sahib olduğunu sübuta yetirir.
Təsadüfi deyil ki, onun “Vaşinqton Post” qəzetində Laçın yolu ilə bağlı “məqaləsi” də ermənilərin tezislərinə uyğun olaraq hazırlanıb. Bu məqalə təkcə İqnatiusun ermənilərin “Vaşinqton Post”dakı tezislərini yenidən inkişaf etdirməsi deyil, həm də Dövlət Departamentinin Azərbaycana qarşı apardığı kampaniyanın və təzyiq cəhdinin göstəricisidir”, – deyə o əlavə edib.