23 İyun 2024 08:10

Qəbələdə dəyirmi masa keçirilib-FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki,  14 iyul 2023-cü il tarixində “Heydər Əliyev İli” çərçivəsində Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildiriblər.

Rayon icra hakimiyyətinin, YAP Qəbələ Rayon Təşkilatının, Qəbələ Regional “Asan xidmət” mərkəzinin, rayon təhsil sektorunun, ağsaqqallar şurasının, eləcə də digər idarə, müəssisə və təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın Dövlət Himni səslənmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilibdir.

Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova tədbir iştirakçılarını salamlayaraq 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonra totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün bütün sahələrdə geniş islahatlar proqramı həyata keçirildiyini vurğulamış, bu ənənənin ümummilli liderin ikinci hakimiyyəti illərində, eləcə də bu gün onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini qeyd edibdir.

Çıxış edənlər 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycanın inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan bir respublikaya çevrildiyini, Azərbaycanın bu günkü inkişafının Heydər Əliyevin adı və onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlı olduğunu bildirmişlər. Sonda Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunubdur.