Azadsöz.az xəbər verir ki, bu ilin altı ayı üzrə icmal və dövlət büdcələrinin icra vəziyyəti açıqlanıb.
Maliyyə Nazirliyindən verilən məlumata görə, 2023-ci ilin birinci yarımilliyində dövlət büdcəsinin gəlirləri 15479,9 milyon manat, xərcləri 14063,3 milyon manat olmuş, 1416,6 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 147,7 milyon manat və ya 11,6 faiz çoxdur.
Dövlət Neft Fondundan transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 128,6 faiz icra edilməklə 12818,9 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,1 faiz (və ya 3261,4 milyon manat) artım deməkdir.
Dövlət büdcəsinin gəlirləri. 2023-cü ilin birinci yarımilliyi üzrə dövlət büdcəsinin gəlirləri 15608,8 milyon manat proqnoza qarşı 15479,9 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 128,9 milyon manat və ya 0,8 faiz az, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 9,0 faiz və ya 1274,4 milyon manat çoxdur.
2023-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin daxilolmalarının 9181,4 milyon manatı və ya 59,3 faizi vergi daxilolmalarının, 3075,5 milyon manatı və ya 19,9 faizi gömrük rüsumları və idxala vergi daxilolmalarının, 2661,0 milyon manatı və ya 17,2 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 393,9 milyon manatı və ya 2,5 faizi dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 16,0 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 152,1 milyon manatı və ya 1,0 faizi isə sair gəlirlərin payına düşmüşdür.
2023-cü ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinin 6 aylıq gəlirləri üçün təsdiq edilmiş proqnozdan vergi daxilolmaları üzrə 1993,0 milyon manat və ya 27,7 faiz çox, gömrük rüsumları və idxala görə vergi daxilolmaları üzrə 705,5 milyon manat və ya 29,8 faiz çox, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərin göstərilməsi üzrə 92,6 milyon manat və ya 30,7 faiz çox, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 7,1 milyon manat və ya 79,8 faiz çox, sair gəlirlər üzrə 51,9 milyon manat və ya 56,9 faiz çox daxilolmaların təmin edilməsinə nail olunmuşdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 5640,0 milyon manat məbləğində transfertə qarşı 2661,0 milyon manat məbləğində transfert daxil olmuşdur. Hesabat dövründə dövlət büdcəsinə vergi, gömrük rüsumları və idxala vergi daxilolmalarında müşahidə olunan müsbət dinamika Azərbaycan Respublikasının Dövlət Neft Fondundan cari ilin birinci yarımilliyi üçün dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 2979,0 milyon manat və ya 52,8 faiz az istifadə olunmasına imkan vermişdir.
2023-cü ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları üzrə 2699,3 milyon manat və ya 41,6 faiz, idxal gömrük vergi və rüsumları üzrə 535,8 milyon manat və ya 21,1 faiz, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə 22,4 milyon manat və ya 6,0 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 3,7 milyon manat və ya 30,1 faiz, sair gəlirlər üzrə 0,2 milyon manat və ya 0,1 faiz çox, Dövlət Neft Fondudan transfert üzrə isə 1987,0 milyon manat və ya 42,7 faiz az icra edilmişdir.
Dövlət büdcəsinin qeyri-neft/qaz sektoru üzrə daxilolmaları 2023-cü ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin daxilolmalarının 57,0 faizini təşkil etməklə 8831,2 milyon manat olmuşdur ki, bu da proqnozla müqayisədə 1500,4 milyon manat və ya 20,5 faiz, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 1374,6 milyon manat və ya 18,4 faiz çoxdur.
2023-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirlərində qeyri-neft/qaz sektoru üzrə daxilolmaların 58,8 faizini və ya 5193,7 milyon manatını vergi daxilolmaları, 34,8 faizini və ya 3075,5 milyon manatını gömrük rüsumları və idxala vergi daxilolmaları, 4,5 faizini və ya 393,9 milyon manatını büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,2 faizini və ya 16,0 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, 1,7 faizini və ya 152,1 milyon manatını sair gəlirlər təşkil edir.
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 6648,7 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 1629,2 milyon manat və ya 19,7 faiz az (Dövlət Neft Fondundan nəzərdə tutulandan 2979,0 milyon manat az vəsaitin daxil olması ilə əlaqədar), 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 100,1 milyon manat və ya 1,5 faiz azdır.
2023-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 60,0 faizi və ya 3987,7 milyon manatı vergi daxilolmaları, 40,0 faizi və ya 2661,0 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert təşkil edir. Neft-qaz sektoru vergi daxilolmalarının 66,0 faizi və 2630,4 milyon manatı Şahdəniz qaz-kondensat yatağı üzrə mənfəət vergisi, 24,9 faizi və ya 992,5 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 9,1 faizi və ya 364,8 milyon manatı Azəri-Çıraq-Günəşli neft yatağı üzrə
mənfəət vergisi təşkil edir.
Dövlət büdcəsinin xərcləri. 2023-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin xərcləri 14063,3 milyon manat və ya yarımillik proqnoza qarşı 5,7 faiz çox icra edilmişdir.
2023-cü ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsi xərclərinin 9718,8 milyon manatı və ya 69,1 faizi cari xərclərə, 3913,7 milyon manatı və ya 27,8 faizi əsaslı xərclərə, 430,8 milyon manatı və ya 3,1 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.
2023-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin funksional təsnifatına görə səhiyyə xərcləri 122,6 faiz icra edilməklə 932,2 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 120,4 faiz icra edilməklə 2120,9 milyon manat, təhsil xərcləri 110,9 faiz icra edilməklə 1956,6 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 110,8 faiz icra edilməklə 1682,9 milyon manat, kənd təsərrüfatı xərcləri 108,9 faiz icra edilməklə 522,3 milyon manat, iqtisadi fəaliyyət xərcləri 105,7 faiz icra edilməklə 2905,4 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 101,0 faiz icra edilməklə 2147,5 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 100,7 faiz icra edilməklə 1109,2 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 90,5 faiz icra edilməklə 202,7 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 75,6 faiz icra edilməklə 111,9 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 57,6 faiz icra edilməklə 80,6 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 55,0 faiz icra edilərək 291,1 milyon manat təşkil etmişdir.
2023-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 3000,0 milyon manat vəsaitin hesabat dövrü ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş sənədlər əsasında 65,6 faizi və ya 1967,9 milyon manatı istifadə olunmuşdur.
Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 758,7 milyon manat maliyyələşdirilmə həyata keçirilmişdir ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 28,5 faizinə bərabərdir.