Azadsöz.az xəbər verir ki, bu gün yeni qlobal nizamın formalaşdığı bir vaxtda dünyanın böyük dövlətləri yenidən öz təsir dairələrini formalaşdırırlar. Şübhəsiz, çoxsaylı beynəlxalq təşkilatlar konkret hadisələrə təsir göstərməklə bu prosesdə mühüm rol oynayırlar.
Azərbaycan bir çox beynəlxalq təşkilatla möhkəm əlaqələr qurub, lakin ölkə Qoşulmama Hərəkatı (QH) ilə əməkdaşlığın inkişafına xüsusi önəm verir. Bakı fəal şəkildə QH ilə qarşılıqlı əlaqələrini möhkəmləndirməyə və dərinləşdirməyə çalışmaqla bu tərəfdaşlığın dəyərini qəbul edir.
Qoşulmama Hərəkatı formal olaraq heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 dövlət üçün platforma olaraq çıxış edir. Hərəkat Birləşmiş Millətlər Təşkilatından sonra dünya dövlətlərinin ən böyük təşkilatıdır.
Qlobal dialoq üçün güclü platformaya çevrilən bu forum gündəmdə duran zəruri problemləri həll etmək üçün yenidən dünyanın bir çox nüfuzlu siyasi xadimlərini yenidən bir araya gətirib.
Bakı 2023-cü il 5-6 iyul tarixlərində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşünə ev sahibliyi edəcək ki, bu da Azərbaycanın təşkilatdakı mövqeyini və ölkənin təşkilatın inkişafına verdiyi töhfəni təsdiqləyən daha bir mühüm hadisədir.
Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycanın sədrlik müddətinə təsadüf edən COVID-19 pandemiyası ilə əlaqədar mürəkkəb şəraitə baxmayaraq, Bakı öz öhdəliklərini səmərəli şəkildə yerinə yetirdi və təşkilata daha bir il müddətində sədrlik etmək hüququ qazandı. Son üç ilin yekunlarına nəzər yetirdikdə QH-nin Azərbaycanın sədrlik müddətində əhəmiyyətinin daha da artdığı aydın görünür. Təşkilat bu müddət ərzində möhtəşəm tarixi uğurlar əldə edib.
Bu ilin əvvəlində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirakçıların qarşısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Hərəkatın institusional inkişafına güclü dəstək verir.
“Biz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdik. Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib. Bundan başqa, 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək. Məqsədimiz institusional davamlılıq yaratmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır”, – deyə dövlət başçısı vurğulayıb.
Həqiqətən də, Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycan QH çərçivəsində üzv dövlətlərinin və onların xalqlarının sarsılmaz müdafiəçisi rolunu öz üzərinə götürüb. Qeyd edək ki, Azərbaycanın fəal mövqeyi sayəsində BMT-nin Baş Assambleyasında və İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi.
Həmçinin, Prezident İlham Əliyevin təklifi sayəsində 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının liderlər səviyyəsində pandemiya ilə mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirilib. Bununla yanaşı, 2020-ci ilin may ayında Azərbaycan Prezident İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısını keçirdi. Qeyd etmək lazımdır ki, Azərbaycanın sədrlik müddətində həmçinin Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb ki, bu da ölkənin təşkilat çərçivəsində dialoqun və qarşılıqlı əlaqələrin inkişafına çalışdığını vurğulayır.
Bu yaxınlarda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməsinə dair təklif irəli sürdü. Qeyd etmək lazımdır ki, artıq bir neçə ölkə, o cümlədən Avstraliya, Hindistan, ABŞ və Yaponiya Azərbaycanın bu mühüm təşəbbüsünü dəstəklədiyini ifadə edib.
“BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Mən Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıram”, – dövlət başçısı deyib.
Azərbaycanın təklif olunan dəyişiklərin dəstəklənməsində aparıcı rolu ölkənin beynəlxalq münasibətlər sistemində artan əhəmiyyətini vurğulayır. Bakı inkişaf etməkdə olan ölkələrin imkanlarını genişləndirən və mövcud status-kvoya meydan oxuyan ideyalar təklif etməklə əksər hallarda ədalətsiz, qeyri-səmimi və manipulyativ olan beynəlxalq siyasət dünyasında mənəvi prinsipial mövqe nümayiş etdirir. Bu Azərbaycanın müsbət dəyişikliklərə dəstəklənməsinə və qlobal məsələlərdə ədalətin təşviqinə tərəfdar olduğunu vurğulayır.
Prezident İlham Əliyevin müstəsna beynəlxalq nüfuzu onun uzaqgörən təşəbbüsləri və keçmiş layihələri ilə yanaşı artıq həm Avropa, həm də Asiya üçün həlledicidir. Bu Azərbaycanın qlobal çağırışların həlli üçün zəruri həllərin mümkün olduğu yer qismində mövqeyini təsdiqləyir. Dünya Azərbaycanı qlobal problemlərin həllində mühüm iştirakçı kimi qəbul edir ki, bu da ölkənin beynəlxalq arenada əhəmiyyətini möhkəmləndirir.