Azadsöz.az xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir.
Dövlət İmtahan Mərkəzinin məlumatına gğrə, bu gün saat 09:40-dək qeydiyyatdan keçən subbakalavrların elektron ərizələrinin ümumi sayı 16845 olub. Təsdiq olunan elektron ərizələrinin sayı 12241-dir.
Qeyd edək ki, elektron ərizələrin qəbulu iyulun 31-i saat 23:59-dək davam edəcək. Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.
Subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur.
Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub “Yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavrın şəxsi kabinetində qeyd etdiyi nömrəyə “sms” xəbərdarlıq gələcək. Xəbərdarlıq gəldikdən sonra subbakalavrlar elektron ərizəni təsdiq etməlidirlər. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.
Xatırladaq ki, “Şəxsi kabinet”ində qeyd olunan mobil telefon nömrəsi subbakalavrın özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, həmin subbakalavr “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsinə düzəliş etməlidir.
Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar. Müsabiqədə iştirak ödənişsizdir.
Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar ərizələrini təsdiq etdikdən sonra təhsil almaq istədikləri ixtisasın aid olduğu komissiya üzrə də yaxın günlərdə elan olunacaq tarixlərdə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş subbakalavrlar müəyyən olunacaq cədvəl üzrə DİM tərəfindən elan olunacaq tarixlərdə qabiliyyət imtahanında iştirak edəcəklər. Qabiliyyət imtahanlarında iştirak ödənişlidir.
XQTİ-ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və “məqbul” qiymət alan subbakalavrlar seçə bilərlər.
1988-2005-ci il təvəllüdlü (01.05.2005-ci il tarixədək anadan olmuş) 35 yaşınadək olan kişi cinsli subbakalavrların elektron ərizələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması, ya çağırışdan azad edilməsi və ya müddətli həqiqi hərbi xidmətə çağırılmama və ya müvəqqəti çağırılmaması barədə məlumat Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) vahid elektron informasiya sistemində əks olunmalıdır. 30.04.2005-ci il tarixdən sonra doğulmuş və ya 35 yaşı tamam olmuş subbakalavrların elektron ərizələri SHXÇDX-in vahid elektron informasiya sisteminə sorğu verilmədən təsdiq edilir. Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının SHXÇDX tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.
Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda (tarixlər elan olunacaq) ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər.