Azadsöz.az xəbər verir ki, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Eyvazov Əli Seyran oğlunun ad günü Göyçay şəhər Şəhidlər Xiyabanında məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hikmət Süleymanov, rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Cavidan Yaqubov, Göyçay rayon İcra Hakimiyyətinin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Seymur Soltanov, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov şəhidin ailə üzvləri, şəhid ailələri və ictimaiyyət nümayəndləri iştirak ediblər.
Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Tədbirdə çıxış edənlər şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyiblər.Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti, şanlı ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi, dəmir yumruq ətrafında birləşməsi sayəsində tarixi Qələbə qazandığımızı vurğulayıblar. “Bu gün bu torpağın üzərində baş dik gəziriksə, buna görə Birinci və İkinci Qarabağ müharibəsində canlarını fəda edən şəhidlərə, sağlamlığını Vətən yolunda itirən qazilərə borclu olduğumuzu diqqətə çatdırıblar.
Qeyd edək ki, Eyvazov Əli Seyran oğlu 2001-ci il iyunun 30-da Göyçay rayonunun Şəkər kəndində anadan olub. Beyləqan rayonunun N saylı hərbi hissəsinə 1 il 3 ay xidmət etdikdən sonra 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib.14 oktyabrda Füzuli rayonu uğurunda gedən döyüşlərdə şəhid olub. Göyçayda Şəhidlər Xiyabanında dəfn olunub.
Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Əli Eyvazov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.