Türkiyənin “Kale Arge” şirkəti tərəfindən hazırlnanan KTJ-3700 Turbojet raket mühərrikinin ilk sınaq atışı uğurla tamamlanıb.
Azadsöz.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Sənayesi məlumat yayıb.
Məlumata əsasən, KTJ-3700 raket mühərrikindən Türkiyənin ROKETSAN şirkəti tərəfindən hazırlanan Kara Atmaca uzun mənzilli qanadlı raketində istifadə ediləcək.
Qeyd edək ki, Türkiyədə “Kale Arge” şirkəti tərəfindən hazırlandığı bilinən KTJ seriyalı mühərriklərin sayı üçdür. Bunlar KTJ-1750, KTJ-3200 və KTJ-3700 raket mühərrikləridir.
Xatırladaq ki, KTJ-1750 raket mühərriki 2023-cü ildə ÇAKIR qanadlı raketi ilə ilk atış sınağını uğurla tamamlayıb.
KTJ-3200 isə Türkiyənin ilk milli raket mühərrikidir. KTJ-3200, SOM qanadlı raketi və ATMACA gəmi əleyhinə raketində istifadə ediləcək. Kütləvi istehsalına başlanılan KTJ-3200-ün bu ildən istifadəyə verilməsi planlaşdırılır. Bu mühərrik sayəsində Fransanın mühərrik embarqosu səbəbi ilə fəaliyyətində durğunluq yaşanan istehsal xətləri istənilən sürətə çatacaq.
KTJ-3700 raket mühərriki KTJ-3200 mühərriki ilə eyni çəkiyə malikdir. Təxminən 50 kiloqram ağırlığında olan KTJ-3700 KTJ-3200 mühərrikindən iki dəfə yüksək olmaqla 10 min metr yüksəklikdə işləyə biləcək.