16 Sentyabr 2024 22:52

Bakıda 176 nömrəli orta məktəbdə yanğın olub – FOTO

Azadsöz.az xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 176 nömrəli orta məktəbdə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Həyata keçirilmiş operativ tədbirlər nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində üç mərtəbəli məktəb binasının zirzəmisində 20 kvadratmetr sahəyə yığılmış parta, şkaf və digər avadanlıqlar, o cümlədən zirzəmidən keçən elektrik kabelləri yanıb.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının məktəb binasına keçməsinə imkan verilməyib.