Bakıda keçirilmiş COP29 İqlim Dəyişiklikləri Konfransı iqlim diplomatiyasında dönüş nöqtəsi kimi yadda qaldı. Bu mötəbər tədbir eyni zamanda Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında həm təşkilatçılıq, həm də diplomatiya bacarıqlarını bir daha təsdiqlədi. Regionda ilk dəfə keçirilən daha uğurlu bir platforma olaraq tarixinə daha bir əlamətdar hadisənin salnaməsi kimi yazıldı. Bu Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Bu baxımdan mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi dünya tarixinə düşəcək.
İki həftə dünyanın ekoloji mərkəzinə çevrilən Azərbaycan təkcə yaşıl enerjiyə keçid deyil, bütün sahələrdə malik olduğu imkanları təqdim etdi.
Konfransda 80-dən çox dövlət və hökumət başçısı, 76 mindən çox iştirakçı qatıldı. Bakıda COP29-un yüksək səviyyədə keçirilməsi müxtəlif ölkələri təmsil edən qonaqlar, rəsmi şəxslər, media nümayəndələri və ekspertlərlə yanaşı, dünya liderləri tərəfindən də qiymətləndirilib, tədbirlərin səviyyəsindən məmnunluq ifadə olunub. Yüksək səviyyəli rəsmi nümayəndələr COP29 çərçivəsində keçirilən plenar iclaslarda, eləcə də digər tədbir və görüşlərdə, müsahibələrdə Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, qonaqpərvərliyini və peşəkarlığını təqdir ediblər. Prezident İlham Əliyev noyabrın 4-də sosial şəbəkə hesablarındakı paylaşımında COP29-u iqlim diplomatiyasında dönüş nöqtəsi adlandırıb. Həqiqətən də bu tədbir möhtəşəm COP-lardan biri kimi qeyd etdiyimiz kimi tarixə düşəcək. Azərbaycan bu möhtəşəm tədbirin yüksək səviyyədə təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyur. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kompaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. Dövlət başçısının vurğuladığı kimi “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu ölkə başçısının nitqindəki çağırışlarında biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə səsləndik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyır və ekzistensiyal təhlükədən əziyyət çəkirlər. Biz həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik. “Bakı Maliyyə Məqsədi” adı ilə məşhurlaşan tarixi qərar inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər illik 1,3 trilyon ABŞ dolları məbləğində maliyyə dəstəyinin ayrılmasını təmin etdi. Eyni zamanda Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Bu, COP29 Sədrliyi tərəfindən 48 saatlıq intensiv diplomatik fəaliyyətin nəticəsidir. Burada az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə xüsusi diqqət yetirilir. Bu sənəddə əlçatanlıq və şəffaflıq haqqında müddəalar da əksini tapıb. Həmçinin əməkdaşlıq və sülhün qlobal iqlim fəaliyyəti üçün ayrılmaz rolu vurğulanıb. Bununla yanaşı karbon bazarlarının işə salınması ilə bağlı çoxdan gözlənilən razılıq əldə olundu. Azərbaycanın “Yaşıl dünya naminə həmrəylik” şüarı altında yürütdüyü ədalətli və şəffaf moderatorluq konfransın tarixi nəticələrə nail olmasında mühüm rol oynadı. Xüsusilə, inkişaf etməkdə olan ölkələrin, kiçik ada dövlətlərinin və ekoloji fəlakətlərin təsirinə məruz qalmış ərazilərin ehtiyaclarını diqqət mərkəzində saxlamaqla Azərbaycan qlobal həmrəylik nümunəsi göstərdi.
Prezident İlham Əliyev Azərbaycanın uğurlu nəticəyə əminliyini önə çəkərək Liderlər Sammitində diqqəti ölkəmizin dövlətlər, xalqlar arasında körpü roluna da yönəltdi və bildirdi ki, Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.
Tədbir çərçivəsində iki həftəlik müddət ərzində mühüm irəliləyişlər əldə edildi. COP29 çərçivəsində “İtki və Zərər Fondu”nun tam işlək vəziyyətə gətirilməsi Bakı Sammitinin mühüm nailiyyətlərindən biri oldu. Tədbir prosesində Liderlərin Sammitində əməkdaşlıq və sülhün qlobal iqlim fəaliyyəti üçün ayrılmaz rolu qeyd olundu. COP Atəşkəs Çağırışı 132 ölkə və 1,200-dən çox təşkilatın dəstəyini qazandı. Habelə Bakı Sülh, Yardım və Bərpa Üçün İqlim Fəaliyyəti Çağırışı qəbul edildi. Bu təşəbbüs, iqlim dəyişməsi, münaqişə və humanitar ehtiyacların təcili əlaqələrini həll etmək məqsədilə Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzini yaradacaq.
Göründüyü kimi COP29-un nəticələri əvvəlki COP sessiyaları ilə müqayisədə qlobal iqlim fəsadları ilə mübarizəyə daha çox töhfələr verməsi ilə əlamətdar oldu. Bunu tədbirin son günü qəbul edilən qərarlar, əldə olunan razılaşmalar da təsdiq edir. Bir sözlə, Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 həm təşkilatçılıq, həm iştirak, həm də əldə olunan nəticələrə görə tarixi tədbir oldu və iqlim dəyişiklikləri ilə mübarizəyə önəmli töhfələri ilə yadda qaldı.
Azadsöz.az