Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib.
Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektardır. Azad İqtisadi Zonanın ilkin inkişaf mərhələsi olan 60 hektar ərazidə (Zona 1, Mərhələ 1) tikinti işlərinə başlanılıb və bir sıra işlər görülüb. Belə ki, investorlara icarəyə veriləcək torpaq sahələri inşaat üçün artıq hazırdır. Ümumi sahəsi 297 min kvadratmetr olan torpaq sahələrinin daxilində su, kanalizasiya, işıq, qaz, rabitə şəbəkələrinə birləşmə nöqtələri təmin edilib. Burada, həmçinin istifadəyə hazır ərazi-daxili və ərazi-xarici mühəndis-kommunikasiya infrastrukturu yaradılıb. Zona 1 ərazisinin əsas girişində gömrük-keçid məntəqələri, həmçinin gömrük yoxlanışlarının aparılması üçün binalar inşa olunub.
Dövlətimizin başçısı Ələt Azad İqtisadi Zonasının Biznes Mərkəzində yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, ümumi sahəsi 16 min kvadratmetr olan Biznes Mərkəzinin binası 3 funksional hissədən ibarətdir. Burada Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun ofisi, investorlara vahid pəncərə prinsipi ilə xidmət göstərəcək ofis, investorların idarəetmə qurumları üçün ofislər və təhkim olunan gömrük əməkdaşları üçün ofis fəaliyyət göstərəcək. Biznes Mərkəzində yüksəkkeyfiyyətli xidməti təmin edəcək müvafiq infrastruktur və maddi-texniki baza yaradılıb.
Diqqətə çatdırıldı ki, növbəti inkişaf mərhələsində 138 hektar sahəni əhatə edən standart istehsal müəssisələri və logistika mərkəzləri üçün nəzərdə tutulmuş hissədə və eyni zamanda, 211 hektar sahəni əhatə edən ağır sənaye müəssisələri üçün hissədə layihələndirmə işləri davam edir. Növbəti inkişaf mərhələsinə aid 138 hektar sahədə torpaq işlərinə tezliklə başlanılması planlaşdırılır.
Ələt Azad İqtisadi Zonası Prezident İlham Əliyevin Azərbaycanı beynəlxalq səviyyədə rəqabətədavamlı və dayanıqlı, şaxələndirilmiş və ixracyönümlü iqtisadiyyata malik bir ölkə kimi inkişaf etdirməyə yönəlmiş siyasətinin real təməllərindəndir. Bu layihənin icrası nəticəsində Azərbaycana daha çox xarici investisiyalar cəlb olunacaq və yeni iş yerləri yaradılacaq. Ələt Azad İqtisadi Zonasının yaradılması barədə qərar 2017-ci ildə, bununla bağlı müvafiq qanun isə 2018-ci ildə qəbul edilib. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq 2021-ci il iyulun 1-də Prezident İlham Əliyevin iştirakı ilə Ələt Azad İqtisadi Zonasının təməli qoyulub.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında və qlobal nəqliyyat dəhlizlərinin üzərində strateji coğrafi mövqeyə malik iqtisadi zonada yaradılan əlverişli şərait, o cümlədən nadir qanunvericilik bazası, fiskal və qeyri-fiskal imtiyazlar zərfi, zəruri infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təmin edilmiş sənaye torpaq sahələri, nəqliyyat-logistika mərkəzləri və digər perspektivlər investorlar üçün davamlı regional üstünlük yaradacaq və Ələt Azad İqtisadi Zonasını regional investisiya mərkəzinə çevirəcək.
Bildirilib ki, bu iqtisadi zonada investorlar üçün aşağıdakı fiskal və qeyri-fiskal imtiyazlar tətbiq edilir:
– İnvestorlar əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi, mənfəət vergisi və hər hansı digər korporativ vergidən azaddırlar;
– Zonada idxal və ixrac zamanı gömrük rüsumları və vergilər tətbiq olunmur;
– Aylıq əməkhaqqı 8 min manata qədər olan işçilər üçün gəlir vergisi tətbiq olunmur;
– Yüksəkixtisaslı əcnəbi işçilər üçün sosial sığorta ödənişləri könüllü, yerli işçilər üçün isə məcburi xarakter daşıyır;
– Əcnəbi hüquqi və fiziki şəxslərin Ələt Azad İqtisadi Zonasında mülkiyyət sahibi olmasına heç bir məhdudiyyət qoyulmur;
– Xarici investorlar üçün yerli tərəfdaş və səhmdar tələbi yoxdur;
– Valyuta əməliyyatları və ya mənfəətin repatriasiyasında heç bir məhdudiyyət yoxdur;
– İnvestorların əmlakı heç bir halda milliləşdirilə bilməz və Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu investorların əmlakını bu və ya digər məhdudiyyətlərdən qorunmasına təminat verir;
– Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu, həmçinin investorların əqli mülkiyyət hüquqlarının tam qorunmasına təminat verir.
Beləliklə, Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Bundan başqa, bu layihənin icrası nəticəsində ölkəmizin milli iqtisadiyyatının dünya iqtisadiyyatı sisteminə inteqrasiyası sürətlənəcək.