Azadsöz.az xəbər verir ki, Moskvada Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası liderlərinin 2023-cü il mayın 25-də Moskvada keçirilən görüşdə əldə etdikləri razılaşmaların həyata keçirilməsi məqsədilə iyunun 2-də üçtərəfli İşçi Qrupunun 12-ci iclası keçirilib.
İclas Rusiya paytaxtında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikası Baş nazirinin müavini Mger Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun birgə sədrliyi ilə baş tutub.
Rusiya Hökumətinin açıqladığı məlumata görə, görüş konstruktiv şəraitdə keçib.
“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında nəqliyyat əlaqələrinin açılmasının modallığının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub.
Xüsusilə, Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub.
Danışıqların nəticələri barədə Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyasının rəhbərlərinə məlumat veriləcək.
Tərəflər üçtərəfli İşçi Qrupu çərçivəsində işi davam etdirmək barədə razılığa gəliblər”, deyə məlumatd qeyd olunub.