Azadsöz.az xəbər verir ki, havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?
Məsələ ilə bağlı pediatr Elşən Tağıyev Lent.az-a açıqlamasında bildirib ki, hazırda uşaqlar arasında yayılan xəstəlik rozoela yox, “streptokokk A” infeksiyasıdır.
Onun sözlərinə görə, bu virus yüksək temperatur, səpkilər və boğaz ağrısı ilə özünü biruzə verir:
“Demək olar ki, hər gün bir uşağa bu xəstəliyin diaqnozunu qoyuruq. Bu “streptokokk A” infeksiyası özlüyündə təhlükəli infeksiya olmasa da, uzun müddətdən sonra ağırlaşa bilər. Ona görə də bu xəstəliyi vaxtında müalicə etmək lazımdır. Digər tərəfdən hazırda rotavirusların mövsümüdür. Bu virusun əlamətləri yüksək temperatur, ishal və qusmadır. Bu infeksiya azyaşlılar üçün daha təhlükəlidir”.