Azadsöz.az xəbər verir ki, 02-10 may tarixlərində keçirilən Respublika fənn olimpiadalarının (RFO) final turunun nəticələrinə əsasən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan 14 nəfər şagird qalib olub.
Qalib olan şagirdlərin siyahısında Göyçay rayon sakini Qurbanlı Mənzurə Bəhruz qızınında adı yer alıb.
Belə ki, Göyçay şəhər R.Rza adına 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Mənzurə Qurbanlı keçirilən Respublika fənn olimpiadasında Tarix fənni üzrə 1-ci yer tutaraq qızıl medala layiq görülüb.
Xatırladaq ki, Mingəçevir şəhəri üzrə 8, Zərdab rayonu üzrə 3, Yevlax, Göyçay və Kürdəmir rayonlarının hər biri üzrə isə 1 nəfər şagird olmaqla, ümumilikdə 14 nəfər şagird müvafiq fənlər üzrə qalib olub.
Qeyd edək ki, Respublika fənn olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir. Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilib.