Azadsöz.az xəbər verir ki, bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının təqdimat mərasimini keçirib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarının mayın 10-dan tədavülə buraxılmasını elan edir. Eyni zamanda, Mərkəzi Bank ənənəsinə sadiq qalaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik tarixinin əbədiləşdirilməsi məqsədilə yubiley pul nişanlarını da tədavülə buraxır. Bu pul nişanları xüsusi dövlət tədbirləri üçün nəzərdə tutulub.
Bu yubiley və investisiya məqsədli pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində ən yüksək beynəlxalq standartlara uyğun istehsal edilib. Pul nişanlarının əsas dizayn elementləri kimi ön tərəfində Ulu Öndərin portretinin profil görüntüsü, imzası və “Heydər Əliyev” yazıları, arxa tərəfində isə “Azərbaycan Respublikası” sözləri, Dövlət Gerbinin təsviri, pul nişanının nominalı və milli naxışlar əks olunub.
Ölkəmizdə ilk dəfə olaraq tədavülə buraxılan investisiya məqsədli pul nişanlarının satışı və geri alışı Mərkəzi Bank tərəfindən həyata keçiriləcək. Beynəlxalq təcrübəyə uyğun olaraq bu pul nişanları uzunmüddətli investisiya aləti və əhalinin yığım vasitəsi kimi istifadə olunması məqsədilə yüksək əyarlı qızıldan hazırlanmış və buraxılış limitinə məhdudiyyət qoyulmadan tələbə uyğun istehsal edilərək tədavülə buraxılır. İnvestisiya məqsədli pul nişanları 1 Oz (31.1 qr.), 1/2 Oz (15.55 qr.), 1/4 Oz (7.78 qr.), 1/10 Oz (3.11 qr.) çəkilərdə tədavülə buraxılıb. Yubiley və investisiya məqsədli pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində qanuni ödəniş vasitəsidir.