Azadsöz.az xəbər verir ki, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Göyçay rayonunun Üngütlü kənd sakini Fərid İlyas oğlu Nadirovun ikinci ildönümü ilə bağlı anım tədbiri keçiriləcək.
Tədbir 28 noyabr saat 10:00-da Göyçay Şəhidlər Xiyabanında baş tutacaq. Daha sonra şəhidimizin doğulduğu Üngütlü kəndində evində adına ehsan süfrəsi veriləcək.
Qeyd edək ki, Fərid Ilyas oğlu Nadirov 21 sentyabr 2000-ci ildə Göyçay rayonunun Üngütlü kəndində anadan olub.
İlk orta təhsilini Göyçay şəhər Rəsul Rza adına 1 saylı tam orta məktəbdə alıb. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə daxil olub. 2019-cu ilin iyul ayının 3-də həqiqi hərbi xidmətə yollanıb.
27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində Füzuli, Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 4-də ailəsi ilə əlaqə saxlayıb və ailəsinə bildirib ki, üç yüksəklik alınıb. İgidimiz oktyabrın 13-də Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabrın 28-i şəhid Fəridin nəşi son dəfə olaraq doğulub boya-başa çatdığı kəndə gətirilib. Göyçay Şəhidlər Xiyabanında dəfn olunub.
Xatırladaq ki, Fərid Nadirov Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.