Azadsöz.az xəbər verir ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olan Göyçay rayonunun Şəkər kənd sakini Elnur Məhərrəmovun bu gün 40 mərasimi keçirilib.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, idarə, müəssisə, təşkilatların, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə şəhidin əziz xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.
Mərasimdə çıxış edənlər Elnur Məhərrəmovun qısa və şərəfli həyat yolundan bəhs ediblər.Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyətindən danışıblar. Ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan tarixi Qələbədə Azərbaycanın hansı mərhələlərdən keçdiyini bildiriblər.
Sonra rayon İcra Hakimiyyətinin başçısı şəhidin valdeyinləri üçün yeni inşa edilən yaşayış evində aparılan tikinti işlərinin gedişi ilə maraqlanıb, tapşırıq və tövsiyələrini verib.