Azadsöz.az xəbər verir ki, torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Xəyal Zeynəddin oğlu Həsənovun ikinci ildönümü Qaraman kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov, idarə, müəssisə və təşkilatların rəhbərləri, dindarlar, qazilər, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.
Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyib.Bildirib ki, Rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müasir hərb tarixi üçün nümunə olan əsl qəhrəmanlıq dastanı yazdı. Azərbaycan xalqının 30 illik Vətən həsrətinə, yurd, el-oba niskilinə 44 gündə son qoyuldu.Hər bir Azərbaycan vətəndaşının vətəninin qəhrəmanlarını tanımalı olduğunu və onların keçdiyi həyat yolundan çox şeyləri öyrənmələrini diqqətə çatdırıb. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək bizim mənəvi borcumuz olduğunu vurğulayıb.
Daha sonra digər natiqlər çıxış edərək Xəyal Həsənovun qısa və şərəfli həyat yolundan bəhs edib, xatirələr dilə gətiriblər. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyətindən danışıblar.
Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Xatırladaq ki, Xəyal Həsənov 2002-ci il aprelin 16-da Göyçay rayonunun Qaraman kəndində anadan olub. 2020-ci ilin mayın 27-də həqiqi hərbi xidmətə yollanıb.
Ermənilərin təxribatından sonra ərizəsi ilə ön cəbhəyə yollanıb.2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib.14 oktyabrda Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.Qaraman kəndində dəfn olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Xəyal Həsənov ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.