Oğlunu itirən ananın dərdindən böyük dünyada dərd olmaz bəlkə də. Şəhid anası olmaq isə həm məsuliyyətli, həm də şərəfli bir işdir.Əbəs yerə deməyiblər, Azərbaycan qəhrəmanlar diyarı, igidlər və cəsurlar yurdudur. Bunu Vətən müharibəsində işğalçı düşmənə qan uddurub, onları torpaqlarımızdan qovan rəşadətli ordumuz bir daha bütün dünyaya sübut etdi. 44 günlük Vətən müharibəsində son damla qanına qədər vuruşaraq şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızdan biri də Elşən Nuriyevdir.
Elşən Əlisa oğlu Nuriyev 13 iyun 1996-cı ildə Göyçay şəhərində anadan olub.2002-ci ildə Göyçay şəhər Məhəmməd Füzuli adına tam orta məktəbin1-ci sinifinə gedib.2010-cu ildə orta təhsilini başa vurub.2011-ci ildə Göyçay Peşə Liseyinin “Rabitə” ixtisasına daxil olub.2014-cü ildə Liseyi bitirib.2015-ci ildə Naxçıvan Muxtar Respublikasının “N” saylı hərbi hissəsində rabitəçi kimi xidmət keçmişdir.2016-cı ildə hərbi xidmətini başa vurub.
2020-ci il sentyabrın 21-də könüllü olaraq təlimlərə qatılıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Vətənin işğal olunmuş ərazilərini düşmən tapdağından azad etmək idi Elşən Nuriyevin arzusu oktyabrın 4-də şəhid olmaqla bu istəyinə çatdı.Böyük izdihamla Göyçay Şəhidlər Xiyabanında dəfn olunub.
Unutmayaq ki, Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Elə bir məktəb ki, biz o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Elşən Nuriyev kimi Şəhid oğullarımız qanları ilə tarix yazaraq, öz adlarını Azərbaycanın zəfər tarixinə yazdırdılar. Həyatda ən böyük xoşbəxtlik elə Vətən yolunda şəhid olmaqdır. Lakin hər bir insana da şəhid olmaq, o əlçatmaz zirvəyə ucalmaq nəsib olmur.Başını dik tut Şəhid Anası, Şəhid Atası.Biz onları unutsaq nə tarix, nə də Vətən bizi bağışlayar.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Elşən Nuriyev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Azadsöz.az