04 May 2024 05:27

Fərqliliyimiz Uğurumuzdur

Şəhid oğlu peşəkar futbolçu kimi “Qarabağ”da oynamaq istəyir-VİDEO/FOTO

“Azadsöz.az”  AZƏRTAC-a  saytına istinadən xəbər  verir  ki, Göyçay şəhər sakini Əli Xəlilov Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Vidadi Xəlilovun bizlərə əmanətidir. O, 3-cü sinifdə oxuyur, 8 yaşı var. Qarşısına məqsəd qoyub ki, gələcəkdə tanınmış futbolçu olsun, Azərbaycanın adını həmişə ucaltsın.

Əli balaca olsa da, arzuları böyükdür. Futbol məşqləri üçün həftədə 3 dəfə idman kompleksinə üz tutan Əli gələcəyin peşəkar futbolçusu olmaq arzusundadır. Onun məşqçi-müəllimi Elman Hüseynov deyir ki, Əli komandaya qısa zamanda qatılmasına baxmayaraq, həmyaşıdlarından xeyli fərqlənir: “Əli komandaya cəlb olunanda gördük ki, texnikası, cəldliyi var. Ona görə də onu hücumçu kimi yoxladıq və özünü doğrultdu. Həqiqətən, perspektivlidir”.

“Qarabağ” futbol klubunun bütün oyunlarını izləyən Əli, məşqlərinə də məsuliyyətlə yanaşır. Çünki o, gələcəkdə peşəkar futbolçu kimi “Qarabağ” heyətində oynamaq istəyir.

Balaca qəhrəmanımızın böyük arzularından biri də “Qarabağ” futbol komandasının üzvləri ilə görüşmək idi. Bundan xəbər tutan baş məşqçi Qurban Qurbanov onu kluba dəvət edib. Futbolçular onunla söhbət edib, xatirə şəkilləri çəkdirib, karyerasında uğurlar arzulayıblar.

Əli deyir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla, futbolçularla görüşmək onun üçün gözlənilməz oldu. O, gələcəkdə “Qarabağ”ın hücumçusu kimi tanınmaq üçün əlindən gələni edəcək.

Anası Nərmin Xəlilova görüş barədə danışarkən bildirib ki, Qurban Qurbanov Əlinin arzusunu eşidəndə onunla görüşməyi məmnuniyyətlə qəbul etdi: “Hesab edirəm ki, bu görüş Əlinin gələcəkdə “Qarabağ” komandasında çalışmağının ilk pilləsidir. O, bu klubda çox uğurlara imza atacaq”.

Yaşının az olmasına baxmayaraq, zehni və zəkası ilə fərqlənən Əli anlayır ki, “Qarabağ” böyük zirvədir. O zirvəyə gedən yolun yolçuları, döyüşkən, fədakar, qəhrəman və qalib olmalıdır. Necə ki atası Qarabağda qəhrəmanlıq göstərərək ən böyük zirvəni fəth edib.

Xatırladaq ki, Əlinin atası, polkovnik-leytenant Vidadi Xəlilov 44 günlük Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib. Laçın istiqamətində şəhid olub. Göstərdiyi şücaətə və qəhrəmanlığa görə müxtəlif medallarla təltif edilib.