Azadsöz.az xəbər verir ki, Mədəniyyət naziri Anar Kərimov 22 sentyabrda Göyçay rayonuna səfər edib.
Mədəniyyət naziri Anar Kərimov və rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev əvvəlcə Göyçay rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.
Nazir Göyçay rayonunda bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub. Səfər çərçivəsində Anar Kərimov Göyçayın qəhrəman oğullarının uyuduğu Şəhidlər xiyabanını ziyarət edib, Vətən uğrunda canından keçən fədailərin xatirəsinə dərin ehtiramını bildirib.
Sonra nazir Göyçay rayonunda Azərbaycanın şair və yazıçılarının xatirəsinin əbədiləşdirilməsi üçün 2018-ci ildə yaradılan “Əbədiyaşar ədiblər” abidə kompleksinə baş çəkib.
Mədəniyyət naziri Göyçay şəhərinin mərkəzində 1903-cü ildə inşa edilən yerli əhəmiyyətli memarlıq abidəsi olan məscidə də baxış keçirib. Məlumat verilib ki, müvafiq dövlət qeydiyyatında olan (inv. №4268) məscidin binasında 2018-2019-cu illərdə əsaslı yenidənqurma işləri aparılıb. Qeyd edək ki, dini abidənin memarı Azərbaycanın ilk ali təhsilli memarı Zivər bəy Əhmədbəyovdur.
Anar Kərimov Xalq şairi Rəsul Rzanın Göyçay şəhərindəki ev-muzeyində də olub. Məlumat verilib ki, 2004-cü ildə yaradılan muzeyin ekspozisiya planı 2015-ci ildə yenilənib. Eksponatların çox hissəsi Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar tərəfindən muzeyə bağışlanıb. Muzeyin ümumi fondunda 1085 eksponat var və onlardan 449-u daimi ekspozisiyada yer alır. Qeyd edək ki, muzeyin binası 2022-ci ildə yeni aşkar olunmuş abidələrin siyahısına əlavə edilib.
Göyçay Rayon Heydər Əliyev Mərkəzinə gələn nazir burada ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, Göyçaya səfəri zamanı rayon ictimaiyyəti ilə keçirdiyi görüşləri əks etdirən fotolara və eksponatlara baxıb, mərkəzdə quraşdırılmış monitorlarda ümummilli liderin siyasi fəaliyyətindən bəhs edən videogörüntüləri izləyib. Nazirə müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Daha sonra nazir Anar Kərimov rayon Heydər Əliyev Mərkəzində Ağdaş, Ucar, Zərdab və Göyçay rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri ilə görüş keçirib. Görüşdə nazirliyin məsul əməkdaşları da iştirak ediblər.
Nazir çıxış edərək bildirib ki, müntəzəm olaraq bölgələrə səfərlərinin əsas məqsədi yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud potensialı, imkanları müəyyənləşdirmək, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən şəxsləri nazirliyin prioritetləri və qarşıya qoyulan məqsədləri barədə yerində məlumatlandırmaqdır. Həmin şəxslərin nazirlik tərəfindən aparılan islahatlara cəlb edilərək mədəniyyət sahəsinin dayanıqlı inkişafına töhfə verilməsi də qarşıda duran əsas vəzifələrdəndir.
Görüş zamanı mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib.
Anar Kərimov bölgələrdə mədəniyyət işçiləri arasında peşəkarlıq səviyyəsinin, təşəbbüskarlığın artırılmasının dövrün vacib tələbi olduğunu diqqətə çatdırıb.
Nazir çıxışının sonunda problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Görüşdən sonra Anar Kərimov Ağdaş Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı kollektivinin tamaşasını izləyib.