Aslanlar döyüşdə olanda, çaqqallar hinlərdən toyuq -cücə çırpışdırar.Bu gün Azərbaycanın igid oğulları Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə əzəli və əbədi torpaqlarımızı ermənilərin 100 illik əsarətindən xilas edərək sarsılmaz bir inamla məqsədə doğru irəlilədiyi, son 30 ildə erməni vandallarının xarabazara çevirdiyi Qarabağı heç kəsin yardımı olmadan azad etdiyi və hər yerdə geniş quruculuq işlərinə başlayıb Böyük qayıdışa hazırlaşdığı bir vaxtda içimizdə ” sapı özümüzdən olan baltalar” ( bəlkə də erməniliyini gizlədən satqınlar) bizi kürəyimizdən vurmağa can atır.
Məşhur bir deyim var: ” düşmən o kəsdir ki, sənə qəsdən, bilərəkdən pislik eləyir!” Bu gün quzu dərisinə bürünən bir dəstə çapolçu özünü “xilaskar” qiyafəsində təqdim etməyə çalışır. Əcaba bu ” xilaskarlar” 1988- ci ildə , on minlərlə soydaşımızın varını-dövlətini əlindən alıb, başını yarıb, gözünü çıxarıb qışın soyuğunda qarlı dağlardan aşıb doğma yurd-yuvalarını tərk edərək qaçmağa məcbur edilənlərin faciəsini nə tez unutdular? Niyə illər sonra belə bu insanların-Azərbaycana pənah gətirənlərin hüquqlarını müdafiə etmək barədə düşünmədilər? Hər hansı bir Beynəlxalq tədbirdə haqq səslərini qaldırıb bu insanların yaşantılarından söz açmağa qeyrət göstərmədilər? Əksinə, pusquya çəkilib məqam, fürsət gözlədilər? Bəs kimdir bu gün bizim dövlətimizin haqq işini müdafiə etmək əvəzinə, ermənilərin və onlara dəstək verənlərin yambızını öpənlər ki, indi baş qaldırıb suyu bulandırmağa çalışırlar?
Sual olunur “Əgər siz belə “vətəncanlı” idinizsə, niyə bu 30 illik işğal dövründə bir dəfə də Zəngəzur, Göyçə demədiniz? Niyə onda ermənilərdən, onların havadarlarından və hələ də “üç meymun oyunu” oynayan dünya liderlərindən və ictimaiyyətindən “Zəngəzur- Göyçə Dövləti”nin ərazi bütövlüyünü, müstəqilliyini tanımağı tələb etmədiniz!? Bu torpaqların xilası naminə ətrafınızdakı havadarlarla, “qüdrətli siyasətçilərlə” qurduğunuz “dövlətin” ordusu, topu-topxanası ilə onu erməni işğalından azad etmədiniz? Niyə indi Azərbaycanın on minlərlə igid oğunun qanı-canı və ölkənin Ali Baş Komandanı İlham Əliyevin mükəmməl və ardıcıl siyasəti, dəmir iradəsi və yumruğu ilə azad edilən torpaqlarda yeni bir “dövlət” yaratmağa qalxmısınız? Xeyir ola? Bu ixtiyarı və cəsarəti sizə kim verib ki, yoğurub, yapmadığınız kökəni sahiblənmək xəyalına düşmüsünüz?!
Dünyanın istənilən ölkəsində, ən ali siyasət meydanlarında Azərbaycanın haqq səsini ucaldan da, ermənini təcavüzkar, işğalçı adlandırıb danılmaz faktlar, təkzibedilməz dəlillərlə onların bu torpaqlara gəlmə olduqlarını sübut edən də Azərbaycan dövlətinin başçısıdır-cənab İlham Əliyevdir! O illərdir ki, ən uca kürsülərdə hər kəsin eşidəcəyi və anlayacağı dildə danılmaz dəlil və sübutlarla hayların “qədimliyinin” mif olduğunu açıqlayıb və dönə-dönə kimsədən çəkinmədən bəyan edib ki, haylar zaman-zaman xaricdəki havadarların tulapayı sədəqəsi və dəstəyi ilə bizim halal-hümbət torpaqlarımızda Hayastan adlı dövlət qurmağa nail olsalar da oralara sahiblənə bilməyiblər. Əksinə,o yerlərin əzəli və əbədi sakinlərinin-azərbaycanlıların varlığını danacaq bütün vasitə və üsullara əl atıblar; şəhər, rayon və kəndlərin adını dəyişdiriblər, qədim tikililərimizi yer üzündən siliblər, Məscidlərimizi dağıdıblar!
Ölkəmizin başçısı XX yüzilliyin sonunda yeni torpaqlar qamarlamaq eşqinə düşən hayların arzusunu gözündə qoyanda siz Türkiyə küçələrində simit, saqqız satırdınız! İndi sizi hansı “top oyatdı ki” sahibiyəm deməyə zərrəcə haqqınız olmayan torpaqda kağız üstə dövlət yaradıb ona rəhbərlik etmək iddiası ilə ara qarışdırır, dünyanın fikrini yayındırmağa, hayların ağzına saqqız verməyə çalışırsız?
Bizim Ali Baş komandan təğyiri-libas olub əynində döyüş uniforması düşməndən azad edilən torpaqlara bir-bir heç kəsdən və heç nədən çəkinmədən bayraq sancanda, hay bayquşlarının viranə qoyduğu məscid divarlarını öpəndə siz hardaydınız?
Bu gün sizə “zəhər verən o kərtənkələlərə ( əgər cəsarətiniz çatırsa) niyə demirdiniz ki, bu azğın topluma bir göz ağartsın! Sizin kimilər bu gün erməni şovinistlərinin və dünyanın düzənini öz milyardlarının həcmini artırmaq naminə min bir oyundan çıxanların dəyirmanının heç bir vintciyi də deyilsiniz. Buna əmin olun! Siz sadəcə bu günkü reallığı görməyən ətrafınızda baş verən siyasi oyunlardan baş çıxarmağı bacarmayan və nəhayət Azərbaycanın bu günkü inkişafını və uğurlarını həzm etməyi bacarmayan bir dəstə qaraguruhsuz! Və ən ağrılısı da bilirsinizmi nədir? Siz özünüzü Qərbi Azərbaycanlı kimi qələmə verib yüz minlərlə soydaşımızın həm cəbhədə, həm ictimayi – siyasi aləmdə, həm elm-təhsil, mədəniyyət, bir sözlə həyatın bütün sahələrində öz zəhməti, fəallığı, dürüstlüyü, sədaqəti ilə məxsus olduğu millətin maraqlarını müdafiə edənlərin adına qara ləkəsiniz!
Siz kağız üzərində özünüzü “yaratdığınız dövlətin şahı, kralı da, baş-ayaq naziri” elan etsəniz də yenə bizim üçün heç kim, heç nəsiniz!!!
Bütün çabalarınız sabun köpüyü kimi bircə andaca yox olub gedəcək, çünki bu ölkə sizin kimi “dövlət quranları” çox görüb. Sizin ”gördüyünüz işin, fəaliyyətinizin” bir adı var : XƏYANƏT!
Telli Pənahqızı