Azadsöz.az xəbər verir ki, 22 sentyabr “Ümumdünya Avtomobilsiz Günü” ilə əlaqədar Abşeron Milli Parkında veloyürüş keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İtimai Birliyinin, Azərbaycan Könüllü Təşkilatları İttifaqının, Bakı Nəqliyyat Agentliyinin təşkilatçılığı və Azərbaycan Velosiped Federasiyasının dəstəyi ilə keçiriləcək veloyürüşün məqsədi ölkədə ekoloji təmiz nəqliyyat növlərindən istifadəni təşviq etmək, nəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin azaldılmasına töhfə vermək, insanlara sağlam həyat tərzini aşılamaq, eyni zamanda ekoturizmi təbliğ etməkdir.
Nazirliyin sözçüsü qeyd edib ki, Azərbaycanda artıq ənənəyə çevrilən veloyürüşlərin təşkili və elektrik avtomobillərinin təşviqi atmosfer havasının təmizliyinə, istilik effekti yaradan qaz tullantılarının azaldılmasına yönəlmiş önəmli tədbirlərdəndir.
“Ətraf mühitin mühafizəsinə həsr edilmiş “Ümumdünya Avtomobilsiz Günü”nün qeyd olunmasına ilk dəfə 1997-ci ildə Böyük Britaniyada başlanıb. Hazırda bu aksiyaya dünyanın 46 ölkəsindən 2000-dən çox şəhər qatılır”.