Azadsöz.az xəbər verir ki, bu gün 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Fərid Zakir oğlu Mövsümovun doğum günüdür.
Fərid Mövsümov 19 sentyabr 1987-ci ildə Göyçay şəhərində anadan olub.1993-cü ildə Göyçay rayon 3 saylı tam orta məktəbə gedib və rus-dili bölməsində oxuyub.Milliyətcə ləzgidir.Şəhidimizin atası Mövsümov Zakir Qaflan oğlu polis baş leytenant, anası Süleymanova Rəfiqə Əlibala qızı isə müəllimə olub.
Şəhidimizin anası 2008-ci ildə, atası isə 2010-cu ildə xərçəng xəstəliyindən dünyasın dəyişib.Fərid Mövsümovun özündən savayı bir qardaş və bir bacısı var.Qardaşı Zaur Mövsümov Yol quruculuğunda, bacısı Sevda Mövsümova isə Qazaxıstanda həkim vəzifəsində çalışır.
Fərid Mövsümov 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsində könüllü olaraq döyüşə yollanıb.Füzuli rayonun Qaraxanbəyli, Üçbulaq kəndlərində gedən döyüşlərdə iştirak edərək, oktyabrın 30-da şəhid olub.Göyçayda Şəhidlər Xiyabanında dəfn olunub.Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Fərid Mövsümov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Qeyd edək ki, Göyçay rayonunda küçələrin birinə Fərid Mövsümovun adı verilib.