09 May 2024 06:42

Fərqliliyimiz Uğurumuzdur

Şəhid Fərid Nadirovun adını daşıyan Fəridin 1 yaşı qeyd edildi

Azadsöz.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalan şəhid Fərid İlyas oğlu Nadirovun adını daşıyan Fəridin 1 yaşı qeyd edildi.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin sədri Eldəniz Rüstəmov, idarə, müəssisə və təşkilat rəhbərləri, Ucar və Göyçay rayonunun şəhid ailələri, veteranlar, qazilər, şəhidin ailə üzvləri və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Şəhidin atası İlyas Nadirov mərasimi giriş sözü açaraq gələn qonaqları salamlayıb. Nəvəsinə övladının adının verilməsini böyük qürur hissi ilə bildirərək oğlu kimi xalqa, Vətənə layiqli övlad olacağını diqqətə çatdırıb.Şəhidin atası bir yaşlı nəvəsi ilə təsəlli tapdığını, qorxmaz, şücaətli böyüyəcəyini və üzərində daşıdığı dayısının adını daima uca tutacağını vurğulayıb.

Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək şəhidimizin adını daşıyan 1 yaşlı Fəridi təbrik edib.Dayısının adını şərəflə yaşatmağı, onun kimi igid və cəsur övlad olmağını arzu edib. Qeyd edib ki, ordumuz düşmən təxribatının qarşısını almaq məqsədilə başladığı və 44 gün davam edən Vətən müharibəsində tarixi ədaləti bərpa edib, işğal altındakı torpaqlarımız azad olunub. Vətən müharibəsində qazandığımız qələbənin əsasında isə xalqımızın həmrəyliyi, Ali Baş Komandanın iradəsi, Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti dayanır. Bu gün şəhidlərimizin xatirələrini əbədiləşdirmək üçün küçələrə,məktəblərə, tikilən bulaqlara və yeni dünyaya gələn övladlara onların adlarının verilməsi şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan xəbər verir.

Daha sonra çıxış edənlər balaca Fəridi 1 yaşı münasibətilə təbrik ediblər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən başlanan və şanlı Qələbə ilə sona çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin əbədi qəlbimizdə yaşayacağını, dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunacağını bildiriblər.

Mərasimin sonunda şəhidin ailə üzvləri, yaxınları göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Fərid İlyas oğlu Nadirov 21 sentyabr 2000-ci ildə Göyçay rayonunun Üngütlü kəndində anadan olub. 27 sentyabr 2020-ci ildə başlanan Vətən Müharibəsində iştirak edərək, 9 oktyabr tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olub.Göyçay Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.