Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun may ayının 7-də Azərbaycana etdiyi rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin artıq yeni müstəvidə, strateji tərəfdaşlıq formatında inkişafına başlanğıc vermiş oldu.
Təsadüfi deyil ki, cənab prezident mətbuata verdiyi bəyanatda Slovakiyanın Baş nazirinin ölkəmizə səfərini məhz əlamətdar hadisə kimi qeyd etdi və bildirdi ki, bu səfərlə Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır.
Azərbaycanla Slovakiya Respublikası arasında diplomatik əlaqələr 1993-cü ildə yaradılsa da, ikitərəfli münasibətlərin genişlənməsində Prezident İlham Əliyevin bu ölkəyə 2004-cü ildə etdiyi işgüzar səfər böyük rol oynayıb. Bu gün isə Azərbaycan ilə Slovakiya arasında münasibətlər artıq yeni, daha yüksək səviyyəyə çatmaq üzrədir. Bu baxımdan cari ilin mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri xüsusi əhəmiyyət kəsb edən hadisə kimi qiymətləndirilməlidir. Cənab prezidentin mətbuata bəyanatında səsləndirdiyi kimi hazırki münasibətlər Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifənin başlanğıcıdır.
Səfər çərçivəsində ölkələrimiz arasında bir çox mühüm sənədlər, o cümlədən “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. Dövlət başçısı ilk növbədə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyətini vurğulayaraq bildirdi ki, məhz bu sənəd çox ciddi siyasi sənəddir və Azərbaycan-Slovakiya əlaqələrini ən yüksək səviyyəyə qaldırır. Eyni zamanda iki ölkə arasında bir çox istiqamətlər üzrə imzalanmış sənədlər qarşılıqlı əməkdaşlıq, dostluq və strateji tərəfdaşlıq əlaqələri qurmaqda bir çox Avropa ölkələri kimi Slovakiyanın da maraqlı olduğunun bir daha təsdiqidir.
Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr hər iki ölkə liderlərinin niyyətlərini əks etdirir və eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir.
Dövlət başçısının çıxışında yer alan önəmli məqamlardan biri Azərbaycanın öz təbii qazını ixrac edəcək 9-cu ölkənin Slovakiya ola biləcəyi barədə anonsu oldu. Məlum olduğu kimi keçən ilin aprelin 25-də Sofiyada Bolqarıstanın”Bulgartransgaz”, Rumıniyanın “Transgaz”, Macarıstanın FGSZ və Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti(SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. “Həmrəylik Halqası” ilə Azərbaycan qazının tədarükünü nəzərdə tutan bu memorandum ötürmə sisteminin dörd operatoru və SOCAR arasında Azərbaycandan Avropaya əlavə həcmdə qaz tədarükü üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edir. Məhz bu sənədin imzalanması ilə Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır.
Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Eyni zamanda, Azərbaycanın genişmiqyaslı yaşıl gündəliyi də icra edilir. Bu da bir çox bərpa olunan külək və günəş enerjisi stansiyalarının inşa olunması ilə qaza qənaət etmək imkanı yaradacaq.
Dövlət başçımız çıxışında azad edilmiş torpaqlarda Slovakiya şirkətlərinin fəaliyyətinə də toxunaraq bildirdi ki, Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də bu ərazilərdə icra ediləcək layihələrlə bağlıdır. Qeyd olundu ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək.
Göründüyü kimi Azərbaycan və Slovakiya arasında münasibətlər etibarlı tərəfdaşlıq, müttəfiqlik münasibətlərinə söykənir və bu, uğurlu əməkdaşlıq üçün müstəsnadır. Əminliklə demək olar ki, bu səfər bütün sahələr üçün əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaqdır.
Azadsöz.az