19 İyun 2024 02:09

Teatrlarda açıq qapı günü keçiriləcək

Azadsöz.az xəbər verir ki,  Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 27 mart Beynəlxalq Teatr Günü münasibətilə teatrlarda açıq qapı günü keçiriləcək.

Nazirliyin  məlumatına əsasən,  “Teatrda bir gün” adlı layihə saat 11:00-dan başlayaraq 17:00-a qədər davam edəcək.

Açıq qapı günü Akademik Milli Dram Teatrı, Akademik Opera və Balet Teatrı, Akademik Musiqili Teatr, Akademik Rus Dram Teatrı, Kukla Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrını əhatə edəcək. Layihə çərçivəsində tamaşaçılar xüsusi avtobuslar vasitəsilə teatrlara səfər edərək, indiyə qədər görə bilmədikləri səhnə arxası ilə tanış olacaq, könüllülərin köməyi ilə teatra daha yaxından bələd olacaq və günün sonunda tamaşa izləyə biləcəklər.

Avtobuslar saat 11:00-dan 18:00-dək 28 May metrosu qarşısında duracaq və təyin olunmuş marşrut üzrə hərəkət edərək tamaşaçıları teatra pulsuz aparacaqlar. 19:00-da isə tamaşaçılar cədvəldə qeyd olunan tamaşaları pulsuz izləyə biləcəklər.