Bu barədə  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Sərəncamdan irəli gələrək Vətən müharibəsi dövründə ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlara müharibə veteranı adının verilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən lazımi məlumatlar toplanılır.

Belə ki, Agentlik tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabeliyində olan tibb müəssisələrində çalışan, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər barədə siyahının və təsdiqedici məlumatların hazırlanması barədə tapşırıq verilib.

Tapşırığa uyğun olaraq TƏBİB həmin şəxslər barədə siyahının və təsdiqedici məlumatların – hərbi biletlərin surəti, şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlərin hazırlanmasını təmin edir.

TƏBİB tərəfindən siyahı Agentliyə təqdim edildikdən sonra həmin şəxslərə müharibə veteranı adının verilməsi məsələsinə baxılması üçün sənəd aidiyyəti dövlət orqanına təqdim olunacaq.