Azadsöz.az xəbər verir ki, bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunur.Bu çərşənbəni “Yalançı”, “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar.
Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.
Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.
Xatırladaq ki, martın 1-də Azərbaycanda Od, martın 8-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 15-də qeyd ediləcək. Martın 19-u ölkəmizdə bayram axşamı, martın 20-si isə bayram günü kimi keçiriləcək.
Qeyd edək ki, 2022–ci il martın 20, 21, 22, 23, 24 Novruz bayramıdır. Əmək Məcəlləsinə əsasən, martın 20-si bazar gününə təsadüf etdiyindən, iş və istirahət günlərinin yeri dəyişdirilərək ayın 25-i qeyri-iş günü olacaq. 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün, Novruz bayramı ilə əlaqədar 8 gün istirahət edəcəyik. İş günü martın 28-dən başlayacaq. Şənbə və bazar günləri də daxil olmaqla, mart ayında 13 gün qeyri-iş günüdür.