Azadsöz.az xəbər verir ki, bu gün Vətən müharibəsində şəhid olan Göyçay sakini Elnur Ərəstun oğlu Əliyevin ildönümü Göyçayda Şəhidlər Xiyabanında məzarı önündə qeyd olunub.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dindarlar və ağsaqqallar iştirak ediblər. Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək, sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, Azərbaycan xalqının böyüklüyünün və müdrikliyinin bir daha şahidi olduğumuzu vurğulayıb.Hər bir Azərbaycan vətəndaşı Cənab Prezident İlham Əliyevin Qarabağ Azərbaycandır! ifadəsi altında səfərbər olmağı bacardı və 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızı azad etməklə yurd, Vətən sevgisinin hər şeydən üstün olduğunu bir daha sübut etdiyini diqqətə çatdırıb.
Daha sonra Rayon İcra başçısı Mehdi Səlimzadə Prezident İlham Əliyevin ( 15.12.2020-ci il “Vətən uğrunda”) ( 24.12.2020-ci il “Cəbrayılın azad olunmasına görə” ) ( 25.12.2020-ci il “Füzulinin azad olunmasına görə”) (24.06.2021-ci il “Cəsur döyüşçü” ) tarixli Sərəncamına əsasən, Elnur Əliyevin ölümündən sonra təltif etdiyi medallarını şəhidin ailəsinə təqdim etdi.
Tədbirdə iştirak edənlər şəhidimizin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıblar. Tədbirin sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə təşəkkürünü bildiriblər.
Xatırladaq ki, Elnur Ərəstun oğlu Əliyev 2000-ci ildə 10 fevralda Göyçayda anadan olub. 2005-ci ildə Göyçay rayon Nizami adına 7 nömrəli məktəbin 1-ci sinifinə daxil olub və 2017-ci ildə tam orta məktəbi bitirib.Elnur Əliyev 2018–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə müddətdən artıq xidmət edən hərbi qulluqçusu idi. Hərbi xidmətini fərqlənmə və çavuş rütbəsi ilə bitirib. 2020-ci ilin mart ayında Tərtərdə MAHHXHQ kimi xidmətə başlayıb. Xüsusi Təyinatlı Qüvvələrin kursunu birinciliklə 500 nəfərin içindən seçilməklə bitirib. Cəlilabad rayonunda N saylı hərbi hissədə Xüsusi Təyinatli Qüvvələrin MAHHXHQ kiçik çavuş kimi fəaliyyətə davam edib.
Elnur Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edərək, Kəlbəcərin, Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.Oktyabrın 6-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Göyçay rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.
Qeyd edək ki, Elnur Əliyev ölümündən sonra Prezidenti İlham Əliyevin ( 15.12.2020-ci il “Vətən uğrunda”) ( 24.12.2020-ci il “Cəbrayılın azad olunmasına görə” ) ( 25.12.2020-ci il “Füzulinin azad olunmasına görə”) (24.06.2021-ci il “Cəsur döyüşçü” ) tarixli Sərəncamına əsasən medallarla təltif edilib.