Azadsöz.az xəbər verir ki, 19 oktyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsində şəhid olan Göyçayın Qarayazı kənd sakini İlham Ümid oğlu Hüseynovun ildönümü məzarı önündə qeyd olunub. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dindarlar, ağsaqqallar və kənd sakinləri iştirak ediblər. Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrət qaldığımız torpaqlarımızı işğaldan azad etdi. Hər bir Azərbaycan vətəndaşı Cənab Prezident İlham Əliyevin Qarabağ Azərbaycandır! ifadəsi altında səfərbər olmağı bacardı və 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızı azad etməklə yurd, Vətən sevgisinin hər şeydən üstün olduğunu bir daha sübut etdi.Daha sonra Rayon İcra başçısı Mehdi Səlimzadə Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, İlham Hüseynovun ölümündən sonra təltif etdiyi “Vətən uğrunda” medalını şəhidin ailəsinə təqdim etdi.
Tədbirdə iştirak edənlər şəhidimizin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıblar. Tədbirin sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə təşəkkürünü bildiriblər.
Xatırladaq ki, İlham Ümid oğlu Hüseynov 2000-ci il sentyabrın 8-də Göyçayın Qarayazı kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edərək, oktyabrın 19-da şəhid olub. Göyçay rayonunda dəfn olunub.
Qeyd edək ki, İlham Hüseynov Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlham Hüseynov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.