Azadsöz.az xəbər verir ki, 08 oktyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsində şəhid olan Göyçayın Yalman kənd sakini Kənan Siyaqif oğlu Qafarovun ildönümü məzarı önündə qeyd olunub.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd sakinləri iştirak edib. Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrət qaldığımız torpaqlarımızı işğaldan azad etdi. Hər bir Azərbaycan vətəndaşı Cənab Prezident İlham Əliyevin Qarabağ Azərbaycandır! ifadəsi altında səfərbər olmağı bacardı və 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızı azad etməklə yurd, Vətən sevgisinin hər şeydən üstün olduğunu bir daha sübut etdi.
Daha sonra tədbirdə iştirak edənlər şəhidimizin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıblar. Tədbirin sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə,İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə təşəkkürünü bildiriblər.
Qeyd edək ki, Kənan Siyaqif oğlu Qafarov 1996-cı il avqustun 6-da Göyçayın Yalman kəndindən anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Kənan Siyaqif oğlu Qafarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində döyüşüb.Oktyabrın 8-də şəhid olub. Göyçay rayonunda dəfn olunub.
Xatırladaq ki, Kənan Qafarov Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.