Azadsöz.az xəbər verir ki, 26 iyun- Silahlı Qüvvələri günü münasibətilə Göyçayın Potu kəndində şəhid Əliyev Elnur Ərəstun oğlunun xatirəsinə tikilən bulağın açılışı olub.Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, rayon icra aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhidin ailə üzvləri və kənd sakinləri iştirak edib.
Şəhidin adına tikilən bulağın rəmzi qırmızı lenti kəsildikdən sonra bulağa baxış keçirilib.Daha sonra şəhidimizin keçdiyi döyüş yolundan, qəhrəmanlıq əzimkarlığından geniş söhbət olunub.
Xatırladaq ki, Elnur Əliyev 2000-ci il fevralın 10-da Potu kəndində anadan olub. İlk təhsilini Nizami adına Göyçay şəhər 7 nömrəli tam orta məktəbdə alıb.2018-ci ildə FHN əsgərliyə başlayıb. Əsgərliyi fərqlənmə və çavuş rütbəsi ilə bitirib. 2020-ci ilin mart ayında Tərtərdə MAHHXHQ kimi xidmətə başlayıb. Xüsusi təyinatlı qüvvələrin kursunu birinciliklə bitirib.
2020-ci ilin sentyabrın 27-də Qarabağ müharibəsində iştirak edib. “Murov dağ”, “Füzuli” və “Cəbrayıl” istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 6-da Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə “Viska” adlanan ərazidə qəhrəmancasına şəhid olub. Oktyabrın 19-da Göyçay rayonunda Şəhidlər Xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sona “Vətən uğrunda”, “Füzulinin”, “Cəbrayılın ” azad olunmasına görə” medalları ilə təltif edilib.
Tədbirin sonunda şəhidin atası göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib.