Azadsöz.az xəbər verir ki, ötən gün rayon İcra Hakimiyyətində Göyçay rayon Ağsaqqallar Şurasının yeni tərkibinin müəyyən edilməsi ilə bağlı iclas keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə başda olmaqla, rayon icra hakimiyyəti aparatının məsul əməkdaşları,Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin üzvü Eldar İbrahimov iştirak edibdir.
Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözünün, xeyir-duasının həmişə ali həyat məramı olduğunu vurğulayıb, Göyçayda ağsaqqalların istər tarixi qələbə ilə başa çatan Vətən müharibəsində, istərsə də pandemiya dövründə insanlara mənəvi dəstək göstərdiklərini bildirib. Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin üzvü Eldar İbrahimov iclasda çıxış edərək Prezident İlham Əliyevin tövsiyəsi əsasında yeni formalaşan Respublika Ağsaqqallar Şurasının tərkibi, yeni əsasnaməsi və şuranın qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib.
Sonra təşkilati məsələlər müzakirə olunub və Göyçay rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib. Xəlil Orucov rayon Ağsaqqallar Şurasının sədri seçilib. İclasda, habelə Ağsaqqallar Şurasının idarə heyətinin və təftiş komissiyasının üzvləri seçiliblər.
Rayon icra hakimiyyətinin başçısı və respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov Göyçay rayon Ağsaqqallar Şurasının yeni seçilən sədrini, idarə heyətinin və təftiş komissiyasının üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Ağsaqqallar Şurasının sədri Xəlil Orucov göstərilən etimada görə minnətdarlığını bildirib, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.
Qeyd edək ki, Xəlil Orucov uzun müddət Göyçay Rayon İdarəetmə və Texnologiya Kollecinin direktoru vəzifəsində çalışıbdır.